Bundan sonra bir sıra arayışlar müvafiq qurumlardan alınacaq
Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən daha az məlumat tələb olunacaq.
Bundan sonra ünvanlı sosial yardım üçün müraciət edənlərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhəd keçməsi, cəzaçəkmə müəssisəsində olması barədə məlumat tələb etməyə ehtiyac olmayacaq. Eyni zamanda, müraciət edən şəxsdən əlilliyinin olması, əlil şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması, 3 yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması soruşulmayacaq.
Bildirilir ki, bu məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Şəxsin müraciəti təsdiqləndikdən sonra məlumatlar müvafiq qurumlardan sorğulanacaq. Bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən düzəliş etmək imkanı da yaradılıb.
Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da operativ qaydada düzəliş və yenidən baxılma imkanı yaradılacaq.
Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşların müraciətləri zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına da xidmət edir.
Vətəndaşlar “Digital (ASAN) Login”i digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.
Zərifə HÜSEYNOVA
XQ