Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Ünvanlı yardım” elektron sistemini yenidən qurması bunun bariz nümunəsidir
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin mərkəzində sosial dövlət, ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi dayanır.
Son illərdə Azərbaycanda uğurla reallaşdırılan sosial siyasətin əsas istiqamətlərindən biri vətətəndaş rifahının təminatı, həssas əhali qruplarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itimiş vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsidir. Bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Ölkəmizdə son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib.
Bütün bunların fonunda ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Ünvanlı yardım” elektron sistemini yenidən qurması bunun əyani təsdiqidir. Belə ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhəd keçməsi, cəzaçəkmə müəssisəsində olması, əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması, 3 yaşadək uşağa qulluq etməsi, buna, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması barədə məlumatların qeyd edilməsi tələb olunmayacaq.
Bundan sonra həmin məlumatlar müvafiq qurumların informasiya sistemlərindən əldə olunacaq. Məlumatlar müraciət edən şəxsin müraciətini təsdiqlədikdən sonra müvafiq qurumlardan sorğulanacaq ki, bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb. Müraciət zamanı hansı məlumatların daxil edilməli olduğu da infolövhələrdə əks olunacaq.
Həmçinin ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq. Ünvanlı yardımla bağlı müraciət prosedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, həmçinin yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşlar tərəfindən müraciətlərin olunması zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına xidmət edir.
Bu gün ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında sosial islahatlar proqramı uğurla davam etdirilir. Sosial müdafiə və fəal məşğulluq proqramlarının icrası, daha da genişləndirilməsi təmin edilir. Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlət siyasətinin əsas prioritetlərindəndir. Son bir neçə ildə sosial sahədə aparılan davamlı islahatlar müxtəlif həssas əhali təbəqəsinin rifahının yüksəldilməsinə, sosial və məişət şəraitinin yaxşılaşdırılmasına imkan verir.
Zahid Rza, “İki sahil”