Sentyabrın 8-də Astanada V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, "Astana Arena" stadionunda reallaşan mərasimdə əvvəlcə iştirakçı ölkələrin təntənəli paradı keçirilib. Tribunalar qarşısından keçən atletlər arasında Azərbaycan idmançıları da yer alıb.
Açılış mərasiminə gətirilən Qazaxıstanın dövlət bayrağı və Dünya Köçəri Oyunlarına aid bayraq havaya qaldırılıb. Eləcə də Qazaxıstanın Dövlət Himni və Dünya Köçəri Oyunlarının himni səsləndirilib.
Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oyunları rəsmən açıq elan edib.
Tədbir, həmçinin V Dünya Köçəri Oyunlarının Təşkilat Komitəsinin sədri Roman Sklyar və Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxış ediblər.
Bu böyük idman hadisəsinin açılış mərasimində iştirak etmək üçün Astanaya gələn yüksək səviyyəli qonaqlar arasında Tatarıstan rəhbəri Rüstəm Minnixanov, Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədov, Saxa Respublikasının (Yakutiya) başçısı Aysen Nikolayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstanın dövlət başçısı Sadır Japarov da olub.
Qeyd edək ki, Astananın ən yaxşı idman meydançalarında 21 yarış növü üzrə mübarizə aparılacaq. Bunlara at yarışları, milli güləş növləri, ənənəvi intellektual oyunlar, döyüş növləri üzrə yarışlar, ənənəvi oxatmadan oyunlar, quşlarla ənənəvi ov növləri, at üstündə yarışlar, xalq oyunları daxildir.
Bu böyük tədbir çərçivəsində 10 hektar ərazidə "Köşpendiler Əlemi" ("Köçərilər Dünyası") etnoaulu qurulub. Burada hər kəs qazax xalqının zəngin dünyasına dala və köçəri xalqların özünəməxsus mədəniyyəti ilə tanış ola bilər.
Bizim.Media