AZ

Müstəqillik tarixinin ən böyük büdcə zərfi...

Dövlət büdcəsinin gəlir və xərcləri niyə artırılır?

Oktyabrın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib. 2025-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə artırılaraq müvafiq olaraq gəlirlər 38 milyard 316 milyon manat, xərclər isə 41 milyard 367,6 milyon manat məbləğində müəyyən olunub. Dövlət başçısının göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin ilkin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb. Yeni dəyişikliklərdən sonra büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılıb.

Müdafiə xərclərinin artımı...

Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra itirdiyi hərbi potensialını artırmaq və revanşizm məqsədilə son 4 ildir ki, militarizasiya büdcəsi formalaşdırır. Son 4 ildə bu ölkənin hərbi xərcləri hər il təxminən 15-20 faiz artırılır. 2021-ci ildə müdafiə xərclərini 311,7 milyard dram (638 milyon dollar) təsdiqləyən Ermənistan 2022-ci ildə bu rəqəmi 345,5 milyard dram (719 milyon dollar), 2023-cü ildə bu rəqəmi 517,3 milyard drama (1,28 milyard dollar), 2024-cü ildə isə 550 milyard drama (1,38 milyard dolları) çatdırıb. Ermənistan genişmiqyaslı militarizasiya siyasətinə uyğun olaraq xarici yardım və qrantlar, donorların vəsaitləri hesabına davamlı silah alışları həyata keçirir və 2025-ci ildə hərbi büdcəni daha 20 faiz artıraraq 664 milyard dram və ya 1,72 milyard dollara yüksəldib.

Buna cavab olaraq Azərbaycan da adekvat tədbirlər görməyə məcburdur və büdcədə hərbi xərclərin artırılması Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır.

ÜDM-in üçdə birinə bərabər maliyyə təminatı...

Beləliklə, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 1,7 milyard manat artırılmaqla 41 milyard 367,6 milyon manat təşkil edəcək ki, bu da 2024-cü ilin dürüstləşdirilmiş büdcəsinin xərcləri ilə müqayisədə 4,1 faiz çoxdur. Bu, müstəqil Azərbaycan Respublikasının tarixində ən böyük büdcə zərfi deməkdir. Faktiki olaraq yeni ilin büdcəsinin maliyyə portfeli ümumi daxili məhsulun (ÜDM) üçdə birinə bərabər olacaq. Bu, olduqca böyük maliyyə təminatı deməkdir.

Büdcədə cari  xərclərin məbləği də artaraq 24,9 milyard manatdan 26,6 milyard yüksələcək ki, bu da cəmi xərclərin 65 faizi deməkdir. Əsaslı xərclərin həcmi   12,3 milyard və ya 29 faiz, dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər isə 5 faiz təşkil edəcək.

2025-ci ilin dövlət və icmal büdcə layihələri dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq, ictimaiyyətə açıqlıq metodologiyası və şəffaflıq prinsiplərinin təmin olunması məqsədi ilə hazırlanıb.

Büdcənin xərclər üzrə siyasəti isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə və bu  prioritetlərə söykənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na, həmçinin “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan ortamüddətli hədəf göstəriciləri üzrə müəyyənləşib. Həmin xərc istiqamətlərinə əsasən, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində 2025-ci ilin dövlət büdcəsində 6,5 milyard manat məbləğində maliyyə təminatı yaradılacaq. Qeyd edək ki, həmin strategiya sənədi çərçivəsində 2020-2024-cü illərin dövlət büdcəsindən bu məqsədlər üzrə təqribən 23,2 milyard manat məbləğində vəsait ayrılması təmin olunub.

Azad ərazilərin yenidən qurulması əsas xərc prioritetlərindəndir

Büdcənin xərc prioriteti kimi ilk yeri müdafiə və təhlükəsizlik istiqaməti tutur. Cəmi xərclərin 20 faizi bu sahəyə yönəldiləcək. Büdcə xərclərində ikinci başlıca istiqamət isə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsidir. Həmin məqsədlərə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və s. tədbirlərin maliyyə təminatı üçün 4 milyard manat vəsait nəzərdə tutulub.

Büdcədə yeniləşmələrdən sonra təhsil xərcləri təxminən 1 milyon manata yaxın, səhiyyə xərcləri isə 2,2 milyon manat artırılıb. Digər xərclər faktiki olaraq sentyabrda açıqlanan 2025-ci ilin büdcə layihəsinin ilkin parametrlərinə uyğundur.

Büdcə kəsiri də əvvəlki həcmdə, yəni 3 milyard 51 milyon manat olmaqla təsdiqlənib ki, bu da əvvəlki illə müqayisədə 9 faiz azdır.

Büdcə gəlirləri 38 milyard 316 milyon manata çatacaq

Büdcənin xərclər hissəsinin artırılması sözsüz ki, gəlirlər bölməsinə də dəyişikliyi labüdləşdirir və həmin xərcə uyğun fiskal mənbəni tələb edir. Həmin mənbə isə Dövlət Neft Fondundan büdcəyə 1 milyard 700 milyon manat məbləğində əlavə transfert hesabına təmin ediləcək. Bunun nəticəsində 2025-ci il dövlət büdcəsinin gəlirləri əvvəlki 36 milyard 616 milyon manata nisbətən 1,7 milyard manat artmaqla 38 milyard 316 milyon manat məbləğində olacaq. Bu, 2024-cü ilin təsdiq olunmuş büdcəsinə nisbətən 5,3 faiz çoxdur.

Bu dəyişiklikdən sonra büdcə gəlirlərinin 18 milyard 773 milyon manatı neft-qaz sektorunun, 19 milyard 543 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşəcək. Qeyri-neft gəlirləri büdcədə 51 faizə yaxın olmaqla yenə də üstünlük təşkil edəcək. Büdcədə fiskal yığımların əsas mənbəyi vergi orqanlarının daxiolmalarına söykənəcək, Dövlət Vergi Xidmətinin xətti ilə 15,5 milyard manat yığım proqnozlaşdırılıb. Bu, cari  ilin  dürüstləşdirilmiş büdcə proqnozundan 230 milyon manat və ya 1,5 faiz çoxdur.

Dövlət Neft Fondundan transfertin məbləğinin 1,7 milyard manat artması nəticəsində Fondun büdcə qarşısında fiskal payı isə 14 milyard 481 milyon manat olmaqla 37,8 faizə çatacaq. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi isə 6,6 milyard manat olmaqla ümumi gəlirlər portfelində təxminən 16 faiz təşkil edəcək.

Ümumilikdə, fiskal struktur baxımından növbəti ildə qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin əsas hissəsi vergi və gömrük orqanlarının xətti ilə  daxilolmalardan ibarət olacaq. Bu iki qurumun birgə büdcə yığımları 22 milyard manatdan çox təşkil edəcək.

Büdcədə sosialyönümlü xərclər də artırılıb

2025-ci ilin büdcəsi yenə də sosialyönümlü olacaq və növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinə əsasən, sosial siyasət tədbirlərinin maliyyələşdirilməsi prioritetliyini qoruyub saxlayacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 2024-cü illə müqayisədə 9,6 faiz artırılaraq 4,8 milyard manat müəyyən edilib. Bundan başqa, büdcədənkənar fond olan Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsində də artım proqnozlaşdırılır ki, nəticədə sosial təminat sektoru üçün əhəmiyyətli mənbə formalaşacaq, bu isə pensiya və müavinətlərin artrırılması üçün əhəmiyyətli zəmin yaradacaq.

Büdcə siyasətində mühüm dəyişikliklərdən biri rayon və şəhərlərin öz gəlirləri ilə xərclərini təminetmə səviyyəsinin yaxşılaşdırılması və bunun sayəsində mərkəzi büdcədən xərclərin, yəni dotasiyaların azalmasıdır. Belə ki, 2025-ci ildə 67 şəhər və rayondan 62-?i öz gəlirləri ilə xərclərini tam maliyyələşdirəcək ki, nəticədə cəmi 5 rayona dövlət büdcəsindən vəsait ayrılacaq. Həmin rayonlar isə Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və Yardımlıdır. Onların gəlir və xərclərini tənzimləmək üçün büdcədən ümumilikdə, 5,2 milyon manat vəsait nəzərdə tutulub.

ELBRUS CƏFƏRLİ

Seçilən
57
50
yeniazerbaycan.com

10Mənbələr