AZ

Premyer-liqada paytaxt turu: “Zirə” yarımcan “Qarabağ”la bacara biləcəkmi? - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 13-cü tura start veriləcək.

“CBC Sport” bütün matçları canlı yayınlayacaq.

Misli premyer-liqası
2-ci dövrə, 13-cü tur
8 noyabr
Neftçi – Şamaxı

“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 37:+23=10-4, 71:32.
1999/00 – 5:1; 2000/01 – 7:2; 2001/02 – 0:0; 2003/04 – 2:1; 2004/05 – 1:1; 2005/06 – 1:1; 2006/07 – 0:1; 2007/08 – 2:0; 2008/09 – 1:3; 2009/10 – 2:1, 1:0; 2010/11 – 1:1, 0:0; 2011/12 – 0:1, 2:1; 2012/13 – 2:0, 2:0; 2013/14 – 3:1, 2:2; 2014/15 – 0:0, 0:2; 2015/16 - 1:1, 4:2; 2016/17 – 2:1, 2:1; 2017/18 – 3:1, 3:2; 2018/19 – 2:0, 2:0; 2019/20 – 0:0, 3:1; 2020/21 – 2:1, 3:1; 2021/22 – 3:0, 3:1; 2022/23 – 3:0, 3:1.
Cəzalı: Emil Səfərov (Neftçi).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Neftçi Arena”. Saat 15.00.

Futbol ictimaiyyətinin əksər nümayəndələri düşünürdü ki, Samir Abasovun Roman Qriqorçuku əvəzləməsi “Neftçi”nin problemlərini geridə qoyacaq, komanda sürətlə xal ehtiyatını artıracaq. Bəli, “ağ-qaralar” “Araz-Naxçıvan”dan azı bir xal alsa, əminliklə belə danışmaq olardı. Lakin məğlubiyyət bu yöndə ümidləri azaltdı. Komandada psixoloji gərginliyin aradan qaldırılması üçün qələbə, fiziki durumun yaxşılaşması üçün zaman lazımdı. Deməli, “şirlər”i məğlub yola salmaq vacibdi. Onsuz da şamaxılılar vəziyyəti müsbət yöndə dəyişmək üçün ideal rəqibdi. Yox, məqsədimiz Ayxan Abbasovun komandasına yuxarıdan aşağı baxmaq, düşərgədə ruh düşkünlüyü yaratmaq deyil. Sadəcə, bölgə təmsilçisinin son dörd matçda həm uduzması, həm də qol vura bilməməsi başqa cür danışmağa imkan vermir. Bu başqa məsələ ki, “şirlər” Bakıya azı bir xal uğrunda döyüşmək üçün gələcək. Hər halda, həm futbolçuların keyfiyyəti, həm “doğma divarlar” amili, həm də statistika “ağ-qaralar”ın xeyrinədi. Üstəlik qonaqlar “Neftçi”nin meydanında keçirdiyi son 7 matçda qalib gələ bilməyib.

Ümumiyyətlə, komandalar indiyə qədər 75 dəfə qarşılaşıb. Bunların 42-də “ağ-qaralar”, 16-da “şirlər” qələbə qazanıb, 17-də “sülh” qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisi öndədi – 119:69.

9 noyabr
Səbail – Turan Tovuz

“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 4:+1=2-1, 4:4.
2022/23 – 0:1, 1:1; 2023/24 – 2:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-40-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı, “ASCO Arena”. Saat 17.00.

“Səbail”in autsayderlərin duelində məğlub olması, daha doğrusu, “Kəpəz”ə uduzması Şahin Diniyevin baş məşqçi postundan istefa verməsiylə nəticələndi. Bu üzdən komandanı meydana “dənizçilər”in U-19-unun çalışdırıcısı Elvin Məmmədov çıxaracaq. Məşqçinin işi çətindi. Hazırda onun sərəncamında 12 matçda cəmi iki qələbə qazanan komanda var ki, növbəti məğlubiyyət vəziyyəti daha da çətinləşdirəcək. Qısası, meydan sahibləri iddialı qonaqlardan azı bir xal qoparmağa məcburdu. Mümkündümü? Möcüzə baş verməsə, təbii ki, yox. “Turan Tovuz” avrokuboklar uğrunda gərgin mübarizənin mərkəzində qərarlaşıb. Komandaların topladığı xallar arasında ciddi fərqin olmadığını nəzərə alsaq, hər matç “olum, ya ölüm” mahiyyəti daşıyır. İş orasındadı ki, bu məqamın “Səbail”lə xüsusi bağlılığı var. Axı “dənizçilər” sonuncu yerdə qərarlaşan “Kəpəz”in nəfəsini kürəyində hiss etməyə başlayıb. Görünür, Bayılda izləyəcəyimiz oyun hər iki tərəf bütün gücünü sərf etməli olacaq.

Komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 2-də “dənizçilər”, 3-də “bozqurd” üç xala yiyələnib, 4-də hərəyə bir xal düşüb. Topların nisbətində “Turan Tovuz” öndədi 13:12.

Sabah – Kəpəz
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+3=1-0.
2022/23 – 5:0, 2:0; 2023/24 – 2:2, 3:2.
Cəzalılar: Coy-Lens Mikels (Sabah), Əli Səmədov (Kəpəz).
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, “Bank Respublika Arena”. Saat 19.30.

“Sumqayıt”ın meydanından məğlub ayrıldığı matç göstərdi ki, “Sabah”ın enişi davam edir. Özü də biabırçı şəkildə. Komanda nə büdcəsinə, nə də oyunçularının keyfiyyətinə uyğun çıxış edir. “Kimdi günahkar” sualının cavabını uzaqda axtarmağa isə ehtiyac yoxdu. Baş məşqçi Krunoslav Renduliç yeni mövsümdə özünü heç cür sübut edə bilmir. Hətta “bayquşlar” “Kəpəz”i yensə belə, çatışmazlıqların geridə qalacağını demək doğru olmaz. Azı ona görə ki, Gəncə təmsilçisi autsayderdi və heyəti rəqiblərə “dişini göstərməyə” imkan vermir. Bəs meydan sahibləri uduzsa, növbəti rəzalət yaşansa, onların qələbəyə həsrət qaldığı oyunların sayı 6-ya çatsa, nə baş verəcək? Futbol diliylə desək, belədə çalışdırıcı qeyd-şərtsiz istefa verməlidi. Təbii ki, “Sabah”ın hədəfi avrokuboklara yollanmaqdısa. “Sarı-göylər”in durumunda da ciddi dəyişiklik yoxdu. Kollektiv gah baxımlı və əzmkar, gah da cansıxıcı oyun tərziylə diqqəti çəkir. Gəncəlilərin bu matçda qalib gəlmək ehtimalı çox azdı. Bu başqa məsələ ki, qonaqlar üç xal qazansa, tarixində ilk dəfə “bayquşlar”ı məğlub etmiş olacaq.

Komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Bunların 7-də “Sabah” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 24:9.

10 noyabr
Araz-Naxçıvan – Sumqayıt

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 2:+0=2-0, 2:2.
2023/24 – 1:1, 1:1.
Cəzalı: Vanderson Melo (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov,Teymur Teymurov, Əli Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.

Mübaliğəsiz deyə bilərik ki, “Araz-Naxçıvan” möhtəşəm seriya əldə edib. İlk turda “Qarabağ”a uduzan Muxtar Respublika təmsilçisi sonrakı 11 matçda məğlub olmayıb. Üstəlik bunların yalnız üçü heç-heçə bitib. Srağagün “Zirə”ni məğlub edən “qırmızı-ağlar” növbəti görüşdə “Sumqayıt”ı da yenməklə uğurlu seriyanı davam etdirməyə, avrokuboklara gedən yolda büdrəməməyə çalışacaq. Hər halda, komandada hansısa fiziki və ya psixoloji yorğunluq hiss olunmur. Belədə xal ehtiyatını artırmağa mane olacaq nəsə yoxdu. Təbii ki, “Sumqayıt”dan başqa. Vaqif Cavadovun rəhbərliyi altında ardıcıl ikinci qələbəsini qazanan “kimyaçılar” turnir cədvəlinin yuxarı pillələrinə can atır. Bunun üçün ilk iş “Araz-Naxçıvan”ı məyus etməkdi. Qonaqlar Mərdəkandan qələbəylə qayıtsa, qalan rəqiblərinin də canına qorxu sala bilər.

Komandalar indiyə qədər 5 dəfə qarşılaşıb. Bunların 1-də “qırmızı-ağlar”, 2-də “kimyaçılar” qalib gəlib. 2-də hərəyə bir xal düşüb. Topların nisbətində “Sumqayıt” öndədi – 5:3.

Qarabağ – Zirə
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 17:+9=7-1, 27:11.
2015/16 – 4:1, 2:0; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:0, 2:0; 2018/19 –
3:2, 0:0; 2019/20 – 1:1; 2020/21 – 3:2, 1:1; 2021/22 – 2:0, 0:0; 2022/23
– 0:0, 2:2; 2023/24 – 0:1, 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: FƏRİD HACIYEV, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.
“Qarabağ” bu gün Norveçdən Bakıya qayıdacaq. Bəlkə də artıq komandanı daşıyan təyyarə hava limanına enib. Deməli, “köhlən atlar”ın dincəlmək və vacib oyuna hazırlaşmaq üçün cəmi iki gün vaxtı var. Belədə meydan sahiblərinin işi çətin olacaqsa, qonaqlar fürsətdən yararlanmağa çalışacaq. Onsuz da “Zirə” son dörd turda yalnız “Şamaxı”nı məğlub edə bilib. Üstəlik 3-cü turdan təxirə salınan matç da “qartallar”ın məğlubiyyətiylə yekunlaşdı. Məhz bu məqam qəsəbə təmsilçisinin qələbə uğrunda döyüşünü prinsipiallaşdırır. “Qarabağ” üçün isə ab-hava xoşdu. Ağdamlılar tarixində yalnız bir dəfə Rəşad Sadıqovun komandasına uduzub.

Ümumiyyətlə, komandalar indiyə qədər 36 dəfə qarşılaşıb. Bunların 24-də ağdamlılar, 1-də zirəlilər qələbə qazanıb, 11-də qalib müəyyənləşməyib. Topların nisbətində “köhlən atlar” öndədi – 73:18.

1. Qarabağ 11 9 1 1 28-6 28
2. Araz-Naxçıvan 12 8 3 1 15-10 27
3. Turan Tovuz 12 7 4 1 18-9 25
4. Zirə 12 6 2 4 18-9 20
5. Sabah 12 4 5 3 20-17 17
6. Sumqayıt 12 4 1 7 10-15 13
7. Şamaxı 11 3 3 5 8-13 12
8. Neftçi 12 1 6 5 9-17 9
9. Səbail 12 2 1 9 15-22 7
10. Kəpəz 12 2 0 10 8-31 6

Bombardirlər: Cesse Sekidika (Sabah), Felipe Santos (Araz-Naxçıvan) – 6.

KƏNAN BAHADIR

Seçilən
43
1
football-plus.az

7Mənbələr