AZ

“Tenderlərin Şahı” “Caspel” və ya dövlət satınalmalarında korrupsiya riskləri

Dövlət satınalmaları dövlət tənzimləməsinin mühüm alətlərindən biridir və bunun bir neçə səbəbi vardır. Əksər dünya ölkələrində dövlət satınalmaları ÜDM-də əhəmiyyətli yer tutur. Azərbaycanda da bu belədir. Dövlət vəsaitlərinin korrupsiya və satınalmalar sistemindəki qeyri-dəqiq təcrübələr nəticəsində səmərəsiz istifadəsi, dünya miqyasında əhəmiyyətli bir problem olmaqla yanaşı, Azərbaycan kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdə xüsusilə aktual məsələlərdən biridir.

"Unikal"ın məlumatına görə, bu istiqamətdə, son illərdə, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda ciddi və hətta inqilabi tədbirlər həyata keçirilib. Bütün dövlət satınalmaları sistemi tam rəqəmsallaşdırılmış, hazırda həm dövlət satınalmalarında iştirak edən tender iştirakçıları, həm əhali, həm də dövlət qurumları qismində sifarişçilər üçün tamamilə açıq və şəffafdır.  

Heç kim inkar edə bilməz ki, ümumilikdə bu sahədə həyata keçirilən islahatlar nəzərdə tutulan məqsədlərə çatmağa imkan verib və bu gün hər bir özəl sektor nümayəndəsi dövlət satınalmaları prosesində şəffaf, ədalətli və obyektiv iştirak etmək hüququna malikdir. Bu cür şəraitdə tenderlərin keçirilməsi prosesində “cazibəli məqamları” və korrupsiya risklərini aşkar etmək ilk baxışda göründüyü qədər asan deyil. 

Buna baxmayaraq, bəzi hallarda bütün rəsmi tələblərə uyğun elektron dövlət satınalmalarının keçirilməsinə baxmayaraq, korrupsiya riskləri açıq görünür.

Məsələyə konkret və səs-küy doğuran bir nümunədə baxaq: İqtisadiyyat Nazirliyinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi dövlət satınalmaları və bu prosesdə “Caspel” şirkətinin iştirakı nümunəsini götürək. 

“Caspel” şirkəti 2023-cü ildən 2024-cü ilədək İqtisadiyyat Nazirliyinin informasiya texnologiyaları sahəsindəki ümumi məbləği 33 milyon manat təşkil edən tenderlərin 65%-dən çoxunu qazanıb. Bütün bu məlumatlar açıq şəkildə https://etender.gov.az/ portalında mövcuddur. Bu barədə mətbuatda uzun müddətdir ki, yazırlar və “Caspel”  şirkətini mətbuatda hətta “İqtisadiyyat Nazirliyinin tenderlər şahı” adlandırırlar.

Təəssüf ki, ictimai rezonans, “Caspel” şirkətinin İqtisadiyyat Nazirliyi ilə davam edən sıx əməkdaşlığına lazımi təsir göstərməyib, bu da, öz növbəsində bu tenderlərdə korrupsiya risklərinin mövcudluğuna dolayı sübutdur. Nəticələrin müstəqil şəkildə yoxlanılmaması, bir şirkətin daim qalib gəlməsi vəziyyəti proteksionizm, konkret kommersiya strukturunun maraqlarını müdafiə etmək və əvvəlcədən razılaşdırılma halı kimi qiymətləndirilə bilər.

İqtisadiyyat Nazirliyi ilə “Caspel” şirkəti arasındakı dövlət satınalmaları məzmununda korrupsiya risklərinin olmasının əsas göstəricisi “Caspel” şirkətinin qazandığı tenderlərin xüsusi çəkisinin 65%-dən çox olması faktıdır. Eləcə də, nəzərə alınmalıdır ki, qazanılan tenderlər öz mövqeyinə görə yüksək büdcəli layihələr olublar. 

BMT, Avropa Şurası, Dünya Bankı və digər beynəlxalq təşkilatların təcrübələri və mövcud standartları və direktivlərinə əsasən dövlət satınalmalarında fırıldaqçılıq və korrupsiya hallarını müəyyən etmə metodikasına görə, bir şirkətin, məsələn, bir təqvim ili kimi qısa bir müddət ərzində qazandığı tenderlərin xüsusi çəkisi 20%-dən çox olduğu halda, bu, cinayət və inzibati istintaq üçün əsas ola bilər. Bizim konkret nümunədə 65%-lik göstərici müəyyən edilmiş normanı üç dəfə üstələyərək beynəlxalq kritik həddi əhəmiyyətli dərəcədə aşır.

Sadə məntiq və təcrübə göstərir ki, Azərbaycanda bu tenderlərdə göstərilən işləri eyni keyfiyyətdə icra edə biləcək yüzdən çox İT şirkəti var ikən, yalnız “Caspel” şirkətinin belə böyük həcmli dövlət satınalmalarını qazanması hallarında satınalmaların dürüstlüyü və obyektivliyi barədə danışmaq mümkün deyil. Digər tərəfdən, dünya praktikasında mövcud olan göstəricilər də buna işarə edir.

Digər parlaq korrupsiya ehtimalı göstəricisi, qazanılmış tenderlərin vaxt üzrə tezliyidir. Tenderlərin dinamikasına və onların “Caspel” MMC tərəfindən “qazanılmasına” nəzər yetirək:

2023-cü il üzrə: 3 аprel - “Caspel” 1,1 milyon manatlıq “Cisco şəbəkə avadanlıqlarının alınması” tenderinin “qalibi” olur;  31 may – 1 aydan biraz çox müddətdən sonra “Caspel” 1,1 milyon manatlıq “Cisco şəbəkə avadanlıqlarının alınması” tenderinin “qalibi” olur. Xeyr, yalnışlıq və təkrarçılıq etmirik: bu, fərqli tarixdə, eyni ad və eyni satınalma predmeti olan, eləcə də, demək olar ki, eyni büdcəli tenderdir. Bu faktın özü artıq şübhə doğurmalıdır (idi); 13 iyun -  İki həftə sonra “Caspel” 4.2 milyon manatlıq tenderi “qazanır”; 27 iyul - 2 həftə sonra 127 min manatlıq tender “qazanılır”; 2 avqust - Cəmi 5 gün sonra “Caspel”  4 milyon manatlıq tenderin “qalibi olur”; 27 noyabr - “Caspel” 2.1 milyon manatlıq tenderin “qalibi olur”; 29 noyabr - сəmi 2 gün sonra 512 min manatlıq növbəti tenderin “qalibi” olur; 29 noyabr - elə həmin gün 2.2 milyon manatlıq daha bir tenderi götürür; 30 noyabr - növbəti gün 240 min manatlıq tenderin “qalibi” olur; 1 dekabr - növbəti gün 189 min manatlıq daha bir tenderi götürür; 4 dekabr – 2 və 3 dekabr qeyri-iş günləri olduğu üçün 3 gün sonra “Caspel” 1.9 milyon manatlıq tenderi və elə həmin gün 32 min manatlıq daha bir tenderi götürür; 12 dekabr – “Caspel” ili 173 min manatlıq tenderi götürməklə yekunlaşdırır. 

2024-cü il üzrə: Tenderləri götürmə tezliyində dəyişən bir şey olmayıb, sadəcə məbləğlər yüksəlib. 4 iyul - “Caspel” 4.6 milyon manatlıq tenderin “qalibi” olur; 5 iyul – cəmi bir gün sonra “Caspel” 6.8 milyon manatlıq tenderi götürür. Bununla da, 11 milyon manatdan çox məbləğ iki gün ərzində tək bir şirkətə verilir. Daha sonra 943 min, 555 min və 1.3 milyon və 127 min manatlıq tenderlər 4 gün dal-badal “Caspel”ə verilir. 
Qeyd edək ki, “Caspel” üçün cari il hələ bitməyib. İqtisadiyyat Nazirliyi daha 4 irihəcmli tender elanı verib. Onlardan biri — ümumi dəyəri 22 milyon manat olan milli miqyaslı “Milli Məkan” layihəsidir. Etibarlı mənbələrə görə, ilkin olaraq bu layihə “Caspel”ə həvalə olunmuşdur. Sadəcə, tenderin başa çatmasını gözləmək və “Caspel”in daha bir açıq-aşkar “qələbəsini” seyr etmək qalır.

Beləcə, tenderlərin qazanılma tezliyini təhlil edərkən, korrupsiya risklərinin mövcudluğuna bir daha əmin olmaq olar. Tək bir şirkət, maksimum bir ay intervalı ilə, bəzən iki həftədən bir, bəzən hətta hər gün və daha absurdu, gündə iki dəfə tender “qazanır”.

Göstərilən qısa müddətlərdə texniki tapşırığı hazırlamaq, təchizatçılarla danışıqlar aparmaq, logistikanı təşkil etmək, sənədləri hazırlamaq və digər zəruri işləri görmək təkcə fiziki cəhətdən mümkün deyil. Əlbəttə əvvəlcədən nazirlik ilə razılaşdırılma olmayıbsa.

Məsələn, razılaşmalar artıq “ehtimal qiymət”in hazırlanması mərhələsində başlayır. Sifarişçi faktiki olaraq özünə uyğun olan lazımi təxmini hesabları verən şirkətləri seçir. Bu proses nəzarətsiz baş verir və formal xarakter daşıyır, bu da tender qiymətinin süni şişirilməsinə, nəticədə büdcə vəsaitlərinin qeyri-rasional xərclənməsinə zəmin yaradır.

Bununla yanaşı, möcüzəvi şəkildə bütün digər rəqiblər ya gəlirli görünən tenderlərdə iştirak etmir, ya da sadəcə sifarişçi tərəfindən kənarlaşdırılır. 


 

Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalibin adı

Təklifin qiyməti

Yekunlaşma tarixi

1

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

CCTV üçün mərkəzi şəbəkə kommutatoru və əlaqədar quraşdırılması, təlim və dəstək xidmətləri

"CASPEL" MMC

208.270 AZN

19.09.2024 09:06

2

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Dövlət Vergi Xidmətində kibertəhlükəsizliyin təmin olunması üçün lisenziya, proqram təminatları və quraşdırılması ilə əlaqədar xidmətlər

"CASPEL" MMC

1.299.180 AZN

07.09.2024 23:50

3

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Avadanlıqların (Kompüter avadanlıqları və aksesuarları) satın alınması

"CASPEL" MMC

554.588,2 AZN

27.08.2024 16:58

4

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Oracle” verilənlər bazası üçün lisenziyaların və alətlərin (Şəbəkə əməliyyat sisteminin təkmilləşdirilməsi proqramı) satın alınması

"CASPEL" MMC

943.893,8 AZN

02.08.2024 17:59

5

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Hiper Konvergent İnfrastrukturunun qurulması və tətbiqi ilə bağlı malların və əlaqədar xidmətlər

"CASPEL" MMC

6.850.667 AZN

05.07.2024 09:26

6

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Verilənlərin saxlanması sistemi, məlumat saxlama sisteminin təkmilləşdirilməsi, server və məlumat saxlama avadanlıqları kommutatoru, avadanlıq və proqram təminatının texniki dəstəyinin uzadılması (Kompüter məlumat saxlama idarəetmə sistemləri)

"CASPEL" MMC

4.644.018,62 AZN

04.07.2024 19:07

7

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin əsas inzibati binasında fəlakətə davamlı konfiqurasiyada 30 audio terminalı və 10 şəxsi mobil agenti birləşdirmək üçün telefon stansiyasının proqram təminatının lisenziyasının, aparat kompleksinin, quraşdırılması, sazlaması, dizayn, sənədlərin hazırlanması işlərinin görülməsinin, zəmanət və təlim xidmətlərinin göstərilməsi”nin satın alınması

"CASPEL" MMC

173.441,12 AZN

12.12.2023 12:30

8

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Lisenziyalar”ın satın alınması

"CASPEL" MMC

32.184,5 AZN

04.12.2023 12:11

9

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Kompüter, ofis avadanlıqlarının və fiziki yaddaşlar”ın satın alınması

"CASPEL" MMC

1.928.862,22 AZN

04.12.2023 10:15

10

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Oracle və Windows Remote Desktop Server lisenziyaları”nın satın alınması

"CASPEL" MMC

189.331 AZN

01.12.2023 18:17

11

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Texnoloji avadanlıqlar”ın satın alınması

"CASPEL" MMC

240.697,58 AZN

30.11.2023 16:05

12

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Server üçün avadanlıqlar”ın satın alınması

"CASPEL" MMC

2.189.808,6 AZN

29.11.2023 15:15

13

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Məlumat saxlama həlli (storage) Hitachi üçün əlavə rəf və disklərin və texniki dəstək xidmətlərinin göstərilməsi”nin satın alınması

"CASPEL" MMC

511.691,66 AZN

29.11.2023 10:23

14

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Lisenziyaların və dəstək xidmətlərinin göstərilməsi”nin satın alınması

"CASPEL" MMC

2.114.122,22 AZN

27.11.2023 12:50

15

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Audio-video müşahidə sisteminin zəruri qurğuları və proqram təminatı lisenziyalar”ın satın alınması

""CASPEL" MMC

271.180,52 AZN

30.10.2023 14:39

16

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Dell Poweredge serverləri üçün əməliyyat yaddaşları və VxRAIL Hiperkonvergent İnfrastruktur (HCI) klasterin qurulması üzrə avadanlıqların, proqram təminatı lisenziyaların, kabellərin və qida yuvaları”nın satın alınması

""CASPEL" MMC

4.055.143,16 AZN

02.08.2023 16:21

17

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Konfrans və toplantılar” İnformasiya Sisteminin yaradılması işlərinin görülməsinin və təlim xidmətinin göstərilməsi”nin satın alınması

"CASPEL" MMC

127.440 AZN

27.07.2023 08:46

18

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Hitachi məlumat saxlama qurğusunun fiziki yaddaşları və Cisco şəbəkə avadanlıqları”nın satın alınması

"CASPEL" MMC

4.243.147,84 AZN

13.06.2023 16:46

19

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

“Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması

"CASPEL" MMC

1.104.241,64 AZN

31.05.2023 14:28

20

"AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİNİN TİKİNTİ-TƏCHİZAT BİRLİYİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması

"CASPEL" MMC

1.111.062,04 AZN

03.04.2023 16:50

Yuxarıda qeyd olunanları ümumiləşdirsək, istər kənarda və aşkar görünən simptomlara, istərsə də qlobal təcrübədə mövcud olan göstəricilərə görə İqtisadiyyat Nazirliyi və “Caspel” arasındakı konkret qarşılıqlı əlaqə nümunəsindən görürük ki, dövlət satınalmaları sistemində boşluq və zəifliklər var.

Əlaqədar qurumlar bununla bağlı aşağıdakı mühüm məqamlara diqqət etməlidirlər:

Dövlət satınalmalarının ilkin mərhələsində “ehtimal qiymət”in müəyyənləşdirilməsi mexanizmi təkmilləşdirilməli, tam şəffaf olmalı və rəqəmsallaşdırılmalıdır.

Eyni bir şirkətin eyni dövlət orqanı tərəfindən keçirilən tenderlərdə tez-tez qalib gəlməsinə hədd qoyulmalı və bu hallarda əlavə araşdırmalar aparılmalıdır.

Eyni büdcə ili ərzində təkrarlanan tender mövzuları da ayrıca araşdırmaların obyekti olmalıdır.

Digər tərəfdən, yaxın keçmişə qədər antiinhisar mühiti və dövlət satınalmaları nəzarətçisi olan İqtisadiyyat Nazirliyi, hazırda biznes üçün rəqabət mühiti və ekosistem yaradılması sahəsində əsas tənzimləyici dövlət orqanı olaraq, öz satınalmaları sistemindəki boşluqlara qısa müddətdə diqqət yetirməli və İT xidmətləri bazarında inhisarçı və dominant oyunçuya çevrilmiş “Caspel” şirkətini dəstəkləməyə artıq son verməlidir.  

Seymur Əli

Seçilən
40
50
unikal.az

10Mənbələr