AZ

Putin elə bir silahını üzə çıxardı ki… – Zelenski dərhal ABŞ-la danışdı

  “Rusiya-Ukrayna cəbhəsində artan gərginlik, ABŞ, Böyük Britaniya və Fransanın Kiyevə uzaqmənzilli raketlərlə hücuma icazə vermələri fonunda Rusiya liderinin xalqa və həmin dövlətlərə səslənməsi gözlənilən idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Rusiya Prezidenti Vladimir Putinin ötən gün müharibənin gedişatı ilə bağlı xalqa müraciətini dəyərləndirərkən deyib.

Politoloq bildirib ki, Putin Ukraynanın uzaqmənzilli raketlərin Rusiya ərazisini vurmasından dərhal sonra bəyanat verməyi öncədən nəzərdə tutub:

“Amma Moskvanın səhnəyə yeni çıxardığı “Oreşnik” hipersonik ballistik raketinin real döyüş şəraitində “təqdimatı” Kreml sahibinin nəzərdə tutduğu müraciəti bir gün gecikdirdi. İndi siyasi xadimlər və politoloqlar Rusiyanın cavab zərbəsinin nədən ibarət olduğunu real şəraitində gördülər.

Yeni raketin sınağı Putinin onun hərbi imkanlarını izah etməsi ilə müşayiət olundu. Bu da Rusiya liderinin müraciətinin effektini daha da artırdı. O, çıxışında Ukraynaya dəstək verən qlobal güclərə, Kiyev hökuməti və xalqına, eləcə də Rusiya cəmiyyətinə istədiyi hər şeyi dedi. Ona və ölkəsinə qarşı istənilən təhdidin cavabının vaxtında veriləcəyi söylədi. Bu xəbərdarlıqlarla Qərb və ABŞ-ın Rusiyanı təhdid yolu ilə danışıqlara məcbur etməsinin mümkün olmayacağını bildirmiş oldu”.




Əlimusa İbrahimov

Ekspertin sözlərinə görə, Ukrayna prezidentinə Rusiya ərazisinin dərinliklərinə endirilən istənilən zərbənin qarşılığını məhz onun ölkəsinin ödəyəcəyi mesajı verildi:


“Rusiyanın hərbi obyektlərinə olunan hücumların bədəli artıqlaması ilə ödəniləcək. Putinin yeni raketlə cavab zərbəsinə Ukrayna tərəfi hələ reaksiya bildirməyib. Daha doğrusu, Prezident Volodimir Zelenski sadəcə hücuma görə Rusiyaya və Putinə qarşı hiddətli çıxış etdi. Növbəti dəfə üzünü Qərb və Vaşinqtona qarşı tutaraq Moskvanı daha ciddi cəzalandırmağın vacib olduğunu dedi. Amma bu, müttəfiqlərin raketlərdən təkrar istifadə üçün Kiyevə icazə verməsinə əsas yaratmadı. Görünən odur ki, Putinin ortaya çıxardığı yeni silah Zelenskini çaşdırıb. O, ABŞ-la məsləhətləşmələr aparır və çıxış yolu axtarır”.

Politoloqun sözlərinə görə, Vladimir Putinin mesajlarının ünvanında Rusiya ictimaiyyəti də var:

“O xalqı ruhdan düşməməyə, prezident və hakimiyyət ətrafında daha möhkəm birləşməyə səsləyirdi. Heç şübhəsiz, yeni silah rusların arasında vətənpərvərlik ruhunu gücləndirəcək. Putinin daxili auditoriya üçün istədiyi də elə budur.

Sonrakı hadisələrin gedişatı Ukraynanın qəbul etdiyi qərardan asılıdır. Əgər Kiyev verilən icazədən növbəti dəfə istifadə edərsə, biz Rusiyanın da şiddətli cavab zərbələrinin şahidi olacağıq. Beləliklə, qarşılıqlı raket hücumları tərəflərdən birinin dayanacağı ana qədər davam edəcək. Bu andan sonra isə yeni mərhələnin başlanmasının şahidi olacağıq. Arzu edək ki, bu mərhələ Putinin nüvə silahından istifadə etməsi barədə müraciətlə müşayiət olunmasın”.  

Seçilən
36
50
referans.az

10Mənbələr