AZ

Yaxın Şərq yenidən dizayn edilir: Suriyada Əsədlə birlikdə bu ölkələrin maraqları "batdı"

Suriyada Əsəd rejiminin süqutu regionda güc balansını ciddi şəkildə dəyişdirərək bir sıra ölkələrin strateji maraqlarına zərbə vurdu. Ən böyük təsir İranın və Rusiyanın maraqlarına dəyib, çünki hər iki ölkə Əsəd rejimini öz müttəfiqləri olaraq görür və onun vasitəsilə regionda təsir güclərini qoruyurdular. Eyni zamanda, İsrail və ABŞ-ın təhlükəsizlik strategiyaları, həmçinin Türkiyənin sərhəd və qaçqın siyasəti də bu süqutdan təsirlənə bilər. Əsəd rejiminin süqutu, regional və beynəlxalq aktorların yeni güc oyunlarına daxil olmasına səbəb ola bilər. Bəs, Suriyada Əsəd rejiminin süqutu hansı ölkələrin planlarını pozdu? Burada ən böyük zərbə kimin maraqlarına dəydi?

Bu sualı Sitat.info- ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli cavablandırıb.

O bildirib ki, Suriya böhranı hazırda Yaxın Şərqin yenidən dizayn olunması prosesinin tərkib hissəsidir: "Bu prosesdə Türkiyəyə yer vermək istəmirdilər. Yəni, ABŞ və Qərbin Türkiyəni oyundankənar vəziyyətə salmaq niyyətləri var idi. Türkiyə hərəkətə keçdi, Əsəd rejimi devrildi. Nəticədə, o plan böyük ölçüdə pozulmuş oldu. ABŞ və Qərbin Yaxın Şərqi yenidən dizayn etmək və Türkiyəni oyundankənar vəziyyətə salmaq planı böyük ölçüdə iflasa uğramış oldu. Digər tərəfdən, Türkiyənin Əsəd rejiminin devrilməsində xüsusi rol oynaması İranın da Suriya ilə bağlı planlarını (onilliklər boyu davam eləmiş planını) iflasa uğratdı. İran qüvvələri Suriyadan çıxmaq məcburiyyətində qaldı və nəhayət Rusiyanın da Suriya ilə bağlı bütün hədəfləri sıradan çıxarılmış oldu”. 

E. Xalidbəyli vurğulayıb ki, Suriyada Rusiyanın istinad mexanizmi artıq mövcud deyil: "Çünki Əsəd rejiminə dəstək üzərindən Suriyada duruş gətirirdilər. İndi Rusiya üçün də Suriya itirilmiş geopolitik məkan sayıla bilər. Suriyada baş verən hadisələr Suriya xalqının gələcək taleyinin pozitiv istiqamətdə dəyişdirilməsinə münbit şərait yaradıb və bunun da arxasında Türkiyənin çevik və dəqiq geopolitik manevrlərinin olduğu qətiyyən şübhə doğurmur. Bunu hətta Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp da açıq şəkildə vurğulayıb. O bildirib ki, Suriyadakı proseslərin arxasında Türkiyə dayanır və Suriya böhranının açarı Türkiyənin əlindədir. Belə anlaşılır ki, Tramp adminstrasiyası Türkiyənin hərbi siyasi gücünü artıq qəbul edir və Suriyadakı  proseslərin Türkiyə tərəfindən yönəldiləcəyini, Suriyanın yenidən qurulma prosesinin Türkiyənin milli maraqları çərçivəsində cərəyan edəcəyini artıq qəbul edirlər. Yəni,  ümumi anlamda belə düşünmək olar ki, əgər proseslər indiki kimi davam eləsə, Suriyanın gələcək taleyini böyük ölçüdə Türkiyə müəyyən edəcək”.

Sitat.info-ya açıqlamasında politoloq Xəyal Bəşirov qeyd edib ki, Suriyada yarım əsrdən artıq davam edən Əsəd rejiminin çökməsi 2011-ci ildə Ərəb baharı zamanı qarşıya qoyulan məqsədlərdən biri idi: "O zamanlar Ərəb baharı zənciri gəlib Suriyada dayandı. Suriyada bu prosesin qarşısını müəyyən məqamlar ala bildi. Təbii ki, o zamanlar Rusiyanın, İranın Əsəd rejiminə ciddi dəstəyi onun qorunub saxlanmasına gətirib çıxartdı. Amma ondan sonra baş verən proseslər əksinə oldu. Suriyada rejim çökməsə də, ölkə daxilindəki xaotik proseslər getdiş Müxtəlif terrorçu təşkilatların orada zühur etməsi, PKK, YPG, PYD və çoxlu sayda təşkilatların orada yaranması əslində, Suriya dövlətinin sütunlarını laxlatmışdı. Amma hər bir halda simvolik də olsa, Əsəd rejimi və Bəşər Əsəd hakimiyyətdə qalmışdı. Amma hər kəs bilirdi ki, bu prosesin davamı gələcək və günlərin birində Rusiya- Ukrayna müharibəsinin fonunda bu prosesdən istifadə edib, Rusiyanın digər regionlara fokuslana bilməməsi amilini nəzərə alıb, o qüvvələr Əsəd rejiminin çökməsi üçün əlindən gələni edəcəklər. Təbii ki, burada İranı da mütləq qeyd etmək lazımdır. Çünki Suriyadakı Əsəd rejiminin mövcudluğu və İrana loyal münasibət sərgiləyən bu rejimin hakimiyyətdə olması İran üçün Yaxın Şərqlə bağlı atılan addımlar, Qəzzada Həmasa, Livandakı Hizbullaha və digər proksi qüvvələrə dəstək baxımından. böyük imkanlar açırdı.  Amma nəzərə alaq ki, Suriyanın o zamanlar çökməməsi üçün əlindən gələni edən Rusiya və İranın əsas məqsədi həm də digər bir məqamla bağlı idi. Bu Qətərdən başlayaraq bu ərazilərdən, o cümlədən də Suriyadan və Türkiyədən keçərək Bolqarıstana qədər davam edən, Avropaya gedib çıxan qaz kəməri layihəsi idi”.

X. Bəşirov bildirib ki, əslində, qaz kəmərinin çəkilməsi həm Rusiya qazının, həm İran qazının dəyərinin ucuzlaşmasına və əhəmiyyətinin itirilməsinə gətirib çıxaracaqdı: "Ona görə  bu prosesin qarşısını almaq üçün Suriya bir həlqə kimi Rusiya və İran tərəfindən bu şəkildə qorunub saxlanılırdı. Amma artıq Əsəd rejimi çöküb və burada hədəflərinə zərər dəyən dövlətlərdən biri Rusiyadır. Yaxın Şərq, Rusiya üçün digər regionlar və Ukrayna qədər əhəmiyyətli olmasa da, hər bir halda əhəmiyyətlidir. Çünki Rusiyanın Ukraynada Avropa ilə sərhəddə taleyi həll olunsa da, digər istiqamətdə də Yaxın Şərqdəki ən güclü dayaq nöqtəsi olan Suriyada onun üçün əhəmiyyət kəsb edir. O cümlədən də İranın ötən ilin oktyabrından başlayan o proseslərin fonunda maraqlarına ciddi zərbə vurdu. Sanki İranın həm Hizbullahla, həm digər proksi qüvvələrlə quru əlaqəsi kəsilmiş oldu. Hər bir halda burada bəzi terrorçu təşkilatların da maraqlarına və o terrorçu təşkilatları maliyyələşdirən Qərbdən olan bəzi dövlətlərin də maraqlarına zərər dəydi. Amma ümumilikdə götürəndə bu gün Suriyada baş verən bu proseslər Yaxın Şərqdə bir sıra problemlərin həllinə gətirib çıxara bilər. Məsələn, Türkiyə üçün həmişə başağrısına çevrilən, həmişə Türkiyəyə böyük zərbələr vuran terrorun qarşısını almaq məqsədilə Suriyadakı terrorçu qruplaşmaların kökünün kəsilməsi baxımındanbu proses müsbət xarakterizə oluna bilər. Amma gələcəkdə prosesin nəticəsinin necə olacağından çox şey asılıdır”.

Aytac Baxış,

Sitat.info 

Seçilən
51
23
sitat.info

10Mənbələr