AZ

İranın idbar “mərg bər İsrael” şüarı: Və ya İsrail-Fələstin münaqişəsi haqda miflər

Mənə görə iki şəxs özünü həlak edər: məni ifrat sevənlər və məni ifrat inkar edənlər. Həzrət Əlinin bu təsnifatı, deyəsən, azərbaycanlıların bütün ictimai məsələlərə baxışları üçün keçərlidir. İstənilən mövzuda dərhal ifrat qütblərdə səngər qazıb bir-birimizi inkar etməyə amadəyik. Fələstin-İsrail münaqişəsi istisna olmadı.

Sıravi vətəndaşların cəbhələşməsini ötüşdürmək olar. Amma tanınmış şəxslərin, siyəsətçilərin, ictimai rəy liderlərinin mövzunu Adəmlə Həvvadan başlayaraq təhrif edə-edə bu günlərəcən daşıması, əksər hallarda etnik nifrət dili seçməsi, ən azı arzuolunmazdır. İnternetdə arama verin, “Qəzza Yer üzündən silinmədir!”, “Sionizmə ölüm!” kimi bir-birinə zidd şüarları yazanlar arasında yetərincə tanınmış, Azərbaycan ictimai rəyini yönəldə bilən imzalar var. Və əksərən də hər iki tərəf informasiya çirkliliyi, miflər, yalanlar üzərində mühakimə yürüdür. Ən nəzərə çarpanlar:

1) Aşkenazi yəhudilər (idişdillilər) türkmüş. Deyillər, xəzər deyillər, xalis sami-yəhudilərdir. Xəzər Xaqanlığında yəhudiliyi yayanlar da bir ovuc sami-ibri mənşəli şəxs olub. Güman ki, levililər. Bizim seyidlər kimi onlar da özlərini peyğəmbər nəsli sayır və başqa xalqlarla da qarışmırdılar.

Aşkenazilərin türk olması əfsanəsi əsasən Sabirin satirik qəhrəmanı, Qacar sarayının sevimlisi olmuş Seraya Şapşalın yazdıqlarına əsaslanır.O da Krım yəhudilərini-mənsub olduğu icmanı xilas etmək üçün uydurmuşdu bu yalanı.

Azərbaycan -İsrail əlaqələri guya ikincilərin türk olmasına bağlı deyil. Sırf dövlət maraqlarına görədir .Azərbaycan xarici siyasətində etnik, ya dini amildən deyil, milli maraqlardan çıxış edir, beynəlxalq hüquqa və ikitərəfli sazişlərə istinad edir. Normalda belə də olmalıdır.

2) Yəhudilər indiki Fələstinə kütləvi şəkildə gəlmə imişlər. Deyillər. Orda ən azı müsəlman fəthlərindən sonra azlıq şəklində yaşayıblar. İndiki İsrail vətəndaşı olan yəhudilərin 50 faizə qədəri mizrahimdir-Şərq (əsasən ərəb) ölkələrindən çıxmalar. Yəni digər postmüstəmləkə ölkələrində yaşanmış əhali mübadiləsi burda da təkrarlanıb.

3) Guya fələstinlilərin problemi aşkenazilərlə imiş, digər icmalarla yox. Yalandır. Ən radikal yəhudilər mizrahimlər içərisindən çıxanlardır, xüsusən də İraq və İran yəhdudiləri (laxlux və cuhudi deyilənlər). İndiki koalision ortağı olan radikal Ben Gvir də laxluxdur, onun öz aysor və kürd həmyerliləri arasında halay getməsi səhnələri əks olunan videoları “YouTube”da tapıb izləyə bilərsiniz.

4) Fələstində İslam davası gedirmiş. Deyil, İsrail-ərəb savaşı dini savaş deyil. Ümmətçi çıxışların yeri yoxdur. Məsələn, müsəlman dəruzi (druz) icması ilə müqayisədə İsrailə qarşı xristian ərəblər daha radikaldır. Nəinki İsrailin beynəlxalq birlik tərəfindən tanınmış ərazisində yaşayan dəruzilər, beynəlxalq birliyin işğal edilmiş ərazi saydığı Colan yüksəliyində yaşayanlar da İsrailə loyaldır. Aralarından nazirlər, generallar da çıxıb. Dəruziəsilli sabiq nazir Ayub Kara Azərbaycanın dostudur, dəfələrlə ölkəmizdə səfərdə olub. Get-gedə digər müsəlman icmaların (bədəvilər, nüseyrilər və s.) İsrailə loyallığı artır. 2 milyona yaxın ərəbəsilli İsrail vətəndaşı olması sizə nəsə deməlidir.

İlk silahlı Fələstin təşkilatlarının qurucuları əsasən solçu xristianlar idi, dünyanın müxtəlif ölkələrində İsrailə qarşı intellektual cəbhənin əsas simaları olan livanlı və fələstinlilər də əsasən xristianlardır (Eduard Said, Əmin Məluf, Naser Taleb və b.). Sırf Fələstin məsələsinə görə Ərəb Ölkələri Liqası ilə Latın Amerikası ölkələri təşkilatının yaxınlaşması səbəbkarı olan ərəb diasporunun əsas fiqurları da suriyalı, livanlı, fələstinli xristianlar idi.

Fələstin məsələsinə dəstək ifadə etmiş ərəb (Livan və Fələstin) əsilli ulduzlar- Şakira Mabruk, Bella Hadid də xristian maronilərdir.

5) Yasir Ərəfat, ya da Mahmud Abbasın ermənipərəst olması haqda, yumşaq desək, şişirtmələr də burdan qaynaqlanır. Ermənilər Şərq xristian kilsələri (o cümlədən Fələstin də daxil olmaqla Levantanın maroni, melikit, xaldey-kəldani, nestorian-nəsrani və s. kilsələri) ilə sıx təmasadadır. Daha doğrusu, Rusiya və Balkanlarda özlərini ortodoks-pravoslav, Qərbdə katolik kimi təqdim edən qonşularımız Şərqdə əsil simalarında görünürlər -Xalkidon məclisinə qədərki icma (yəni digər Şərq kilsələri kimi nə katolik, nə ortodoks deyillər). Şərq kilsəsi mənsubu kimi də həm Livanda, həm də Fələstində ərəbdilli xristianların silahlı qruplaşmalarının tərkibində olublar. Sonra da orda yığdıqları “təcrübədən” bizə və türklərə qarşı istifadə ediblər. FAT rəhbərliyinin günahı, zamanında onlarla öz aralarında məsafə qoya bilməməsidir. Hərçənd bunun da çətinliyi də var. Erməni icması o cəmiyyətlərin bir hissəsidir, FAT həmişə özünü keçmiş Fələstin mandatı ərazisində, xüsusən Qüdsdə (Yerusalim) yaşayan müsəlman və xristian icmalarının təmsilçisi kimi təqdim edir. Kiçik istisnalarla, demək olar bütün Şərq xristian kilsələri ermənilərin tərəfindədir. Fələstin və Livan xristianları da istisna deyil.

6) Yəhudi-müsəlman düşmənliyi haqda uydurmalar yalnız İranın idbar “mərg bər İsrael” şüarına haqq qazandırmaq üçün ortaya atılıb. Quranda sırf Yəsrib (Mədinə) yəhudiləri ilə bağlı mənfi fikirlər var, yalnız onlarla bağlı deyil, İslamı könülsüz qəbul edilmiş Mədinə sakinləri (münafiqlər) haqda da mənfi fikirlər var. Qurana istinad edib bütün yəhudiləri düşmən görənlər məntiqlə yenə Qurana istinad edib bütün xristianları, hətta müsəlmanları da düşmən görməlidir. Əksinə, ta Balfur bəyannaməsinəcən sionist hərəkatı liderləri belə müsəlmanlara və İslama xoş münasibət bəsləyir, yəhudilər Avropada təqib olunananda da müsəlman ölkələrinə-Türkiyəyə, Mərakeşə, Misirə və s. sığınırdılar.

7) Yaşanan o qəddarlıq nə İslamın, nə musəvilyin siması deyil. Bu, Aralıq dənizi mədəniyyətlərinin mənfi irsi, Yaxın Şərq zehniyyətidir. Bütpərəst olanda da beləydilər, mandeist olanda da, xristian olanda da, müsəlman olanda da, musəvi olanda da. Məsələn, Okeanaziyanın müsəlman və xristian xalqlarında bunu müşahidə edə bilməzsiniz. Halbuki o xalqların çoxunda 300 il bundan əvvələcən kannibalizm praktikası davam edirdi.. Görünür, Şərqdə daha dünyəvi təhsilə, daha çox sülh təbliğinə ehtiyac var.

8) Fələstin dövlətini formalaşmasına İsrailin imkan verməməsi haqda deyilənlər də həqiqətdən çox uzaqdır. Fələstin mandatı ərazisində fərqli adla(Mavarə-əl ürdün, Transiordaniya- indiki İordaniya) dövlət qurmaqla mandatın ərazisini ilk parçalayan ərəblər olub. İordaniyalılar əslində bütövlükdə fələstinli sayıla bilər, üstəlik, oranın əhalisinin təxminən 50 faizdən çoxu 1948-dən sonra gələn fələstinlilərdir. Yəni artıq bir Fələstin dövləti var, deyə bilərik. Fərqli Fələstin təşkilatlarının məramnamələrində də gələcəkdə İordaniya ilə federasiyada birləşmək haqda müddəa var. Ta 1967-ci il savaşına qədər Qəzza Misir, Qərb Sahili İordaniya tərəfindən ilhaq edilmişdi və iki dövlət modelini, ümumən müstəqil Fələstin dövlətini qəbul etmirdilər. Hesab edirdilər ki, bütün Fələstin mandatı ərazisi İordaniya, Suriya və Misirə verilməldir. Yalnız 1967-dən sonra müstəqil Fələstin ideyası ərəblər tərəfindən tədricən qəbul edildi.

Hər dəfə sülh danışıqları müstəqil Fələstin ideyasını reallaşdırma ərəfəsində olanda da fələstinli radikallar onu pozmaq üçün növbəti intifadəyə başlayır. Kemp-Deviddən sonra da belə olub, Oslodan sonra da, indi növbəti İbrahim anlaşmalarının sülh müqaviləsi kimi imzalanma ərəfəsində də.

9) “Qeyrətsiz” ərəblərin Fələstini tək qoyması, yalnız Türkiyə və İranın dəstək olması haqda deyilənlər də yenə adi etnik nifrət dili nümunəsidir. Əvvələn, vahid ərəb xalqı yoxdur, ərəb xalqları var, hər xalqın, hər icmanın maraqları təbii ki, fərqlidir. İkincisi, onların Fələstin məsələsinə dəstəyi, məsələn, yakutların, ya qırğızların Qarabağ məsələsində bizə dəstəyindən yüz qat artıqdır. Bu günəcən fələstinlilərin mövcud ola bilməsi, bir tərəfdən İsrailin, məsələn, Ermənistandan fərqli olaraq “yandırılmış torpaq” taktikası təbiq etməməsinin nəticəsidirsə, digər tərəfdən digər ərəb ölkələrinin milyardlarla dollarlıq yardımlarının, diplomatik, humanitar və s dəstəyinin nəticəsidir.

10) Problemin həllinin olmaması haqda deyilənlər də absurddur. Həll BMT-nin bölgüsünü qəbul etməkdən, qarşılıqlı güzəştlərdən keçir. Təəssüf ki, 1967-ci ildən sonra İsrailin də yanaşmalarında ifrat, bəzən güzəştsiz mövqe qabarıqdır…

Cəmaləddin Quliyev, siyasi analitik

Seçilən
460
45
ulusal.az

10Mənbələr