AZ

Qərb Cənubi Qafqazı müharibəyə sürükləyir? - Azərbaycanın isə edə biləcəyi...

Xarici analitiklərə görə, Avropa regionda sabitliyi pozmaq üçün bir neçə layihə hazırlayıb; azərbaycanlı şərhçilər fərqli düşünür

“Gürcüstan hökuməti vəziyyəti öz nəzarətinə götürsə, Qərbin Ermənistana silah tədarükü kəskin şəkildə zəifləyəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu minval.az-a gürcü siyasətçi-diplomat, politoloq Levan Pirveli deyib. Politoloqa görə, Tiflis iki istiqamətdə qərarlar qəbul edəcək: 

“Birincisi, Gürcüstanın özünün, ikincisi isə Cənubi Qafqazın maraqlarına uyğun surətdə müharibə olmasın. Amma Qərbin tam əks arzusu var. Ona görə də Ermənistana stavka edən qərbçilər, o səbəbə stavka edirdilər ki, Gürcüstan Qərbin vassalıdır. Amma indi onların ”kartları" qarışıb". Bəs Qərb Gürcüstana nəzarəti tam ələ keçirə biləcəkmi? 

“Buna zəmanət yoxdur. Logistika və Ermənistana dəstəyi Gürcüstansız təsəvvür etmək sadəcə, mümkün deyil, nəinki coğrafi əlaqə. Ona görə də Qərb amili zəifləyir və bununla yanaşı, hərbi eskalasiya təhlükəsi də azalır. Əgər Qərb Gürcüstanı ”sındıra" bilsə, - mən əminəm ki, bunu edə bilməz, - o halda Qərbə bağlı qüvvələrin ümidi olacaq", - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, Ermənistanın daxilində də qərbyönlü oyunçular öz mövqelərini getdikcə itirəcək. “Ermənistanda ya rusiyayönlü, ya da ermənipərəst qüvvələrin mövqeyi üstün olacaq - hansı qüvvələr ki, regionda hərbi eskalasiyada maraqlı deyil. Ermənistan bədbəxt ölkədir: orada cəmiyyət o dərəcədə parçalanmış durumdadır ki. Bizdə (Gürcüstanda - red.) heç olmasa, iki düşərgə var. Orada isə cəmiyyət bir neçə düşərgəyə bölünüb”, - deyə o əlavə edib. 

Öz növbəsində qazax politoloq Oljas Əmirjanovun fikrincə, baş verənlər Qərbin Ermənistan və Azərbaycan arasında uzunmüddətli böhranla bağlı planlarının iflasa uğramaq ərəfəsində olduğunu göstərir. “Fakt budur ki, Qərb Rusiyanın ”yumşaq qarınaltı"sını, yəni Cənubi Qafqazda sabitliyi pozmaq üçün eyni vaxtda bir neçə layihə üzərində işləyir. Bir tərəfdən, Rusiyadan yan keçən nəqliyyat marşrutlarının şaxələndirilməsi kimi Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Marşrutunun işə salınması istiqamətində işlər aparılır ki, burada onun həyata keçirilməsi üçün mühüm amil Cənubi Qafqaz regionunda balanslaşdırılmış siyasi vəziyyətdir. Bununla belə, Qərbi daha çox regionda xaos və münaqişə maraqlandırır. Çünki bu, Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etməklə Moskvanın Qərbə qarşı qüvvələrini parçalaya bilər. Hesab edirəm ki, indiki mərhələdə bu, Qərbin ən arzuolunan planıdır. Amma hər şey demək olar ki, əksinə baş verir: Bakı və İrəvan bir-biri ilə birbaşa dialoq şəraitində bütün mübahisəli məsələləri uğurla həll edir və münaqişə ssenarisinin həyata keçirilməsi uğursuzluqla nəticələnir". Azərbaycanlı ekspertlər yuxarıdakı ehtimalları bölüşürmü? Qərb doğrudan Cənubi Qafqazda yeni müharibə istəyir? 

Oxu.az

 Ramiyə Məmmədova

“Deməzdim ki, tam olaraq elədir. Avropa Birliyi və ABŞ Qazaxın kəndlərinin qaytarılması razılaşmasını ilk alqışlayan tərəflər oldular. Fikrimcə, Ermənistanın silahlandırılması müharibəyə hazırlıqdan daha çox Rusiyanın hərbi təsirlərinin azaldılmasına hesablanıb. Ancaq sözsüz ki, silah tranşı regionda gərginliyə səbəb olur və Moskvanın İrəvana qəzəbini artırır. Bu da eskalasiya riskləri yarada bilər. Hələlik Bakı və İrəvan müsbət templə danışıqları intensivləşdiriblər. Eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının Ermənistana yarım milyardlıq yardım nəzərdə tutması bölgənin gələcəkdə təhlükəsiz olacağına əminlikdən irəli gəlir. Müharibə ehtimalı olan coğrafiyaya yatırım olmur”, - “Yeni Müsavat”a danışan siyasi ekspert Ramiyə Məmmədova gürcü və qazax həmkarlarından fərqli olaraq belə təhlil edir. Onun fikrincə, Qərbin regiona müdaxiləsi Ermənistan-Azərbaycan arasında sərhəd toqquşmalarına səbəb olmaq deyil, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq strategiyasıdır. Amma təhlilçi hesab edir ki, Ermənistanı silahlandırmaq sülhə xidmət edə bilməz: “Gürcüstanda mövcud iqtidar çətin seçim qarşısındadır. Tiflis Qərbdən şantajla üzləşib. Onun Avropa Birliyinə namizədlik statusu alması dilini qısa edib. Yəni Fransa Gürcüstan üzərindən Ermənistana dilah daşınmasını həyata keçirəndə Avropa İttifaqına üzvlük şansını Tiflisin yadına salır. Mən düşünmürəm ki, Qərbi bölgəni xaosa sürükləmək maraqlandırır. Sadəcə, Rusiyasız Cənubi Qafqaz hədəf götürülüb. Bütün hallarda kiçik Ermənistanın ordusunun dirçəldilməsinə lüzum yoxdur və ümumiyyətlə, bu ölkə demilitarizasiya edilməlidir. Misal üçün İsveçrənin də ordusu yoxdur. Ermənistan iqtisadi inkişafa hava-su kimi ehtiyacı olan ölkədir, niyə onu silahlandırmalıdırlar axı?!”

Elxan

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlüyə görə, Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır: “Onun 44 günlük Vətən savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi ”3+3" formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, artıq bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır. Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan Əliyevin Rusiya prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri və həm də bu münasibətlər hesabına ölkəsinin əsas problemini həll edə bilməsi qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib və yeni hərəkatlara təkan verib". 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Seçilən
356
20
musavat.com

10Mənbələr