Olaylar xəbər verir ki, bunu COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə Bakıda "Hüquq və iqlim" (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Eyni zamanda, həll olunmalı ciddi çağırışlar mövcuddur. Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə yeni layihələrin həyata keçirilməsinə çətinlik yaradır.
Digər ciddi problem hüquqi çərçivələrin gücləndirilməsidir. Azərbaycanın milli iqlim qanunvericiliyi bəzi sahələrdə beynəlxalq standartlara uyğunlaşdırılsa da, iqlim dəyişikliyi ilə mübarizənin daha təsirli olması üçün əlavə islahatlara ehtiyac var. Qanunvericilikdə iqlim dəyişikliyinə qarşı daha aydın və konkret mexanizmləri tətbiq etməklə, həm qlobal iqlim öhdəliklərimizin icrasında, həm də iqlim hüquqpozmalarının qarşısının alınmasında daha güclü hüquqi əsaslar yaradıla bilər.
Məhz ekoloji hüquqpozmaların qarşısını almaq məqsədilə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ciddi nəzarət tədbirləri, hüquq-mühafizə, prokurorluq orqanları tərəfindən qanun pozucularına qarşı tətbiq edilən sərt cəzalar və davamlı maarifləndirmə işləri nəticəsində son dövrlərdə ekoloji cinayətlərin sayında əvvəlki illərə nisbətən azalma müşahidə olunur", - deyə M.Babayev qeyd edib.
Qeyd edək ki, Bakıda Ali Məhkəmə və Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə "Hüquq və iqlim" mövzusunda beynəlxalq konfrans keçirilir.
Tədbirdə Hakimlər İttifaqının sədri Ramiz Rzayev, COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ali Məhkəmənin sədri İnam Kərimov, Beynəlxalq Hakimlar İttifaqının (IA) prezidenti Duro Sessa, Ombudsman Səbinə Əliyeva, Türkiyənin Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcı və digər şəxslər iştirak edir.
Tədbirin məqsədi hüquq ictimaiyyətinin diqqətinin iqlim dəyişikliyi ilə bağlı dünyada gedən proseslərə cəlb edilməsi, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə məlumatlılığın artırılmasıdır.
Konfransda "İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kiyoto, Doha və Paris əlavələri", "Iqlim dəyişikliyi və insan hüquqları: çağırışlar və hüquqi tənzimlənmə", "İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri", "İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: beynəlxalq və milli kontekst" və bir sıra digər mövzularda müzakirələr təşkil ediləcək.