Makqreqor prezident olmaq istəyir
İki çəkidə keçmiş “Ultimate Fighting Championship” (UFC) çempionu Konor Makqreqor 2025-ci ildə İrlandiyanın prezidentliyi uğrunda mübarizə aparmaq istədiyini bəyan edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində müvafiq yazı dərc edib.
“İrlandiyanın bütün İrlandiya xalqı üçün işləyən fəal prezidentə ehtiyacı var. Və o mənəm. Mən yeganə məntiqi seçiməm. 2025-ci il çox yaxındır", - idmançı bildirib.
2023-cü ilin dekabrında Makqreqor ilk dəfə prezident seçkilərində öz namizədliyini irəli sürə biləcəyini elan edib. Son aylarda döyüşçü miqrantların ölkəyə nəzarətsiz daxil olmasına görə hakimiyyəti fəal şəkildə tənqid edib.
Qeyd edək ki, 34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.
Xatırladaq ki, İrlandiyanın hazırkı prezidenti 83 yaşlı Maykl Hiqqinsdir. O, 2011 və 2018-ci illərdə iki dəfə prezident seçkilərində qalib gəlib. İrlandiya Konstitusiyasına görə, bir vətəndaş iki müddətdən artıq prezident ola bilməz.
İrlandiyada prezidentlik üçün növbəti seçkilərin 2025-ci ildə keçirilməsi nəzərdə tutulur.