Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə etdiyi 1,4 milyard avro mənfəəti Ukraynaya hərbi yardım göstərmək üçün istifadə edib. Bu barədə Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskis məlumat verib, onun bəyanatını AK mətbuat xidməti yayıb.
"Rusiya aktivlərindən gözlənilməz gəlirin birinci tranşı həyata keçirilib. Avropa Sülh Fondu vasitəsilə artilleriya sursatları və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, prioritet avadanlıqların tədarükü üçün 1,4 milyard avro ayrılıb. Sifarişlər Ukrayna müdafiə sənayesi tərəfindən yerinə yetirilir”, - sənəddə deyilir. Kiyevə tədarükün böyük hissəsinin ilin sonuna qədər çatdırılacağı gözlənilir.
İyulun 26-da Avropa Komissiyası Ukrayna üçün silahların alınması üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən 1,5 milyard avro məbləğində birinci tranşın ayrıldığını elan edib. Kiyev onları birbaşa qəbul etməyəcək. Pul Ukraynanın hərbi potensialının qorunması və ölkənin yenidən qurulması üçün Avropa Sülh Fondu və Ukraynaya Dəstək Fondu adlanan qurumlar vasitəsilə yönəldiləcək.
Ümumilikdə, təxminən 280 milyard dollar dəyərində aktivlər (260 milyard avro, vəsaitlərin böyük hissəsi Belçika maliyyə qrupunun sərəncamındadır) G7 ölkələrində və Avropa İttifaqında, eləcə də Avstraliyada hərbi əməliyyatlar başlayandan bəri bloklanıb.
Oxuməni.az