EN

Bu uşaqların Tik-Tokda nə işi var?..

Uşaqların “Tik-Tok”da nə işi var?..

Biz özümüz də fərqində olmadan uşaqlarımızın başına olmazın müsibətlərini açırıq. Onları sosial şəbəkələrdə reklam etməklə nə qazanırıq, deyə bilmərəm, lakin bunun heç də doğru olmadığını əminliklə söyləyə bilərəm.

Gül kim uşaqları milyonların qarşısına çıxarıb onların o gözəl üzünü, gülüşünü, hərəkətlərini göstərəndə nə olur ki, görəsən? Bir də görürük ki, uşaq durduğu yerdə elə bir xəstəlik tapdı ki, gəl, görəsən? Qalırsan xəstəxanalarda, həkimlərdə. İndi gəl, insanları başa sal ki, hər gözdə, hər nəfəsdə bilmədiyimiz mənfi bir qüvvə var...

İndi dəbdir, uşaq doğuldumu, xəstəxanadan çıxarılanda sosial şəbəkələrdədir. Bir ayından bir yaşınadək hər ayın tamamında xüsusi fotosessiyalarla yenə də sosial şəbəkələrdədir. Bir yaşından sonra isə uşaqların başına açdığımız bu oyunların miqyasını daha da genişləndirib onların reklamını Tik-Tok şəbəkəsində aparmağa başlayırıq.

Bu günlərdə isə Tik-Tokda uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərəcək yeni bir paylaşım var. Qarşılarındakı ana, nənə, bibi, xala, ata, dayı, əmidirmi, bilmirəm, uşaqları danışdırmaq üçün suallar yağdırır. Bu sualların qarşısında isə uşaqlar bəzən aqressivləşir, bəzən şirin-şirin cavablar verir, bəzən əzilib-büzülür, gülür... Bütün bunlardan isə həmin o valideyn və qohumlar əməlli-başlı istifadə edir.

Vallah, sözün bitdiyi andır bu mənzərələrin hər biri. Nə deyəsən, bilmirəm. Sadəcə düşünürsən ki, hə, bunun başqa bir tərəfi də var axı. Çoxları belə videolarla sosial şəbəkələrdən pul qazanır. Lakin pul hər dərdin dərmanıdırmı məgər? Pul qazanmaqdan ötrü uşaqlarımızı nə üçün reklam etməliyik? Pul qazanmaqdan ötrü nə üçün milyonlarla uşağın mənəvi-psixoloji vəziyyətinə xələl gətirən videolar paylaşmalıyıq?..

Bir də ki, hərəkətlərimizlə uşaqlarımızın gələcəkdə utanmasına şərait yaradırıq, bunu düşünən varmı? Bu gün sosial şəbəkələrdə paylaşdığımız videolar uşaqlarımız böyüyən zaman onlar üçün problem yaradacaq. Bu videoları görən sinif yoldaşları, dostları, rəfiqələrinin lağlağalıq etməyəcəklərinə kim təminat verə bilər. Belə olan halda isə uşaqlarımız bir-biri ilə dalaşacaq, biz də onları qarşımıza qoyub “ay bala, sizin bir-birinizlə dərdiniz nədir axı?”,- deyib ittiham edəcəyik. Və yaxud da məktəbə gedib direktordan tutmuş sinif rəhbərinədək hamısını məsələyə qatacağıq.

Lakin bizə bir sual verən olacaqmı ki, axı bu məsələlərin kökündə nə dayanır? Bəli, məsələnin kökündə bəzi böyüklər dayanırıq. Hərəkətini, yeri gələndə nə etdiyini, nə danışdığını bilməyən böyüklər.

Uşaqların axı bu Tik-Tokda nə işi var? Necə qıyırsınız onlara? Nə üçün gül kimi uşaqlarımızı bütün dünya görməlidir? Onlardan istifadə etmədiklərini haradan bilirsiniz?

Milli-mənəvi dəyərlərimizi məhz etməyə çalışan bu sosial şəbəkəyə övladlarımızı alət etməyək. Bu barədə bir az düşünsək, çox yaxşı olar...

Mətanət Məmmədova

Chosen
31
50
sesqazeti.az

10Sources