EN

KXDR-in ballistik RAKET SINAĞI: Nüvə müharibəsi YAXINLAŞIR?

“Şimali Koreyanın ballistik raket sınaqları keçirməsi çəkindirici bir addımdır. Çünki onlar bilirlər ki, qlobal səviyyədə izolə edilmiş bir ölkədirlər. Ona görə də biz burada Çin və Rusiya ilə olan normal əməkdaşlığı əsas götürməməliyik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Şimali Koreyanın ən yeni qitələrarası ballistik raketi olan “Hvasonq-19”un buraxılmasının regional təsir və təhdidlərini analiz edib.

N. Mirinin fikrincə, bu gün Sakit okean hövzəsində inkişaf etmiş ölkələrin əksəriyyəti, demək olar ki, KXDR ilə düşmən vəziyyətindədir:

“Belə olan təqdirdə, Şimali Koreyanın yeganə çıxış yolu Rusiya və Çinlə əməkdaşlıqdan keçir. Eyni zamanda, Pxenyan əməkdaşlıq fonunda həm də dolayısı ilə özünün təhlükəsizliyini təmin etmək istəyir. Zaman-zaman bu cür nüvə başlıqlı ballistik raketlərin sınaqdan keçirilməsi bir növ qlobal oyunçulara güc nümayişidir. Yəni Şimali Koreya bununla deməyə çalışır ki, təhlükə olarsa, Vaşinqton və ya istənilən digər əraziləri çox asanlıqla vura bilərik”.

Onun sözlərinə görə, bu da, sözün əsl mənasında, ciddi təhdiddir:

“Bu baxımdan ki, bu, sıradan bir hadisə kimi dəyərləndirilmir. Üstəlik, nəzərə alsaq ki, Şimali Koreyada despotik bir rejim hökm sürür və hər şey yalnız bir nəfərin iradəsi ilə idarə olunur, o zaman sözügedən təhlükənin miqyası daha da böyüyür. Ancaq Koreya yarımadasında yeni müharibənin başlayacağına inanmıram, ona görə ki buna zəmin hələlik yoxdur. Çünki, ilk növbədə, müharibəni başladacaq ölkə Şimali Koreya özüdür. O da bu müharibəni qardaşı sayılan Cənubi Koreya ilə başlatmalıdır ki, ən azından, özünün hədəfində olan güclü bir Koreya ortalığa qoysun. Ancaq iqtisadi qüdrət baxımından Şimali Koreya Cənubi Koreyanın yanında çox kiçikdir. Yəni müharibəni başlamaq bir məsələdirsə, davamlı müharibəni aparmaq artıq tamam başqa bir məsələdir”.

Analitik əlavə edib ki, üstəlik, bu gün hər kəsin KXDR lideri Kim Çen Ina çəpik çalıb ondan ötrü yalançı göz yaşları axıtması inandırıcı deyil:

“Ona görə ki böyük itkilərdən sonra xalq aclıq və narazılıqla hakimiyyətə qarşı ayağa qalxa bilər. Həmçinin KXDR Cənubi Koreya və onun dəstəkçiləri olan ABŞ və Yaponiya kimi dövlətlərlə müharibədə maraqlı deyil. Ona görə də belə bir müharibə perspektivdə belə görünmür. Çünki ABŞ istəsə də, istəməsə də iki müharibənin içərisinə çəkilib. Bir tərəfdən, Vaşinqton maliyyə və hərbi cəhətdən Ukraynaya dəstək verir, başqa tərəfdən isə Yaxın Şərqdəki Fələstin-İsrail müharibəsinin ağırlığı onun çiynindədir”.

“Ona görə də baş verən hadisələr ABŞ-nin gücünü başqa mərkəzlərə yönəltmək xarakteri daşıyır. Yəni KXDR liderinin ballistik raketini növbəti sınaqdan keçirməsi Rusiya ilə razılaşdırılmış bir məqamdır. Çünki Rusiyanın marağındadır ki, ABŞ üçün üçüncü bir cəbhə xətti açılsın ki, Vaşinqtonun başı qarışsın və Ukrayna tamamilə yaddan çıxsın. Düşünürəm ki, hazırda belə bir müharibə potensialı yoxdur. Çünki bunu nə ABŞ, nə də Şimali Koreya istəmir. Hər ikisi indiki vəziyyətdə bu müharibənin lazımsız olduğunu çox gözəl olduğunu anlayırlar. Odur ki, mən potensial müharibə, xüsusilə də nüvə təhlükəsini görmürəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
92
24
yenicag.az

10Sources