EN

Politoloq: "Rusiya-Ukrayna müharibəsi uzana bilər"

"Ancaq müharibənin əsas fazasının yaxın gələcəkdə bitəcəyinə şübhə etmirəm"


"Rusiya-Ukrayna müharibəsi əslində Rusiya ilə ABŞ və onun müttəfiqləri - Qərb koalisiyası arasında gedən savaşdır". 

Bunu "Sherg.az"a açıqlamasında politoloq Azər Niftiyev deyib. 

Ekspert bildirib ki, Rusiya ötən əsrin 80-90-cı illərində əldə edilmiş Varşava paktına əməl edilməsini tələb edirdi: 

"Baş diplomat Sergey Lavrovun da bununla bağlı bəyanatı var idi. O, Rusiyanın təhlükəsizliyə təminat istəyirdi. Məhz bundan sonra Ukraynaya hücumlar başladı. Qərb dövlətləri Rusiyanın Ukraynaya hücum edəcəyini açıq şəkildə bəyan edirdilər. Vurğulayırdılar ki, onlar bu müharibədə yer almayacaqlar. Sanki məqsəd Rusiyanı Ukraynaya qarşı müharibəyə sövq etmək idi. Rusiya hərbi müdaxiləyə başlayandan sonra Moskvaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edildi. Rusiyanın iqtisadi baxımdan dünyadan təcrid edilməsi prosesinə start verildi. Amma nəticə göstərdi ki, üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Rusiyanı iqtisadi yöndə çökdürmək mümkün deyil. Hətta BRİKS fonunda, eləcə də digər anti-Qərb koalisiyasının toplaşdığı təsisatlarda belə Rusiya liderlik edir. Qərbin Ukrayna üzərindən Rusiyanı təhrik etməsi anti-Qərb koalisiyasının vahid cəbhədə birləşməsi ilə nəticələndi. Xüsusən, bu hadisələr Donald Tramp hakimiyyətini Co Baydenin əvəzləməsindən sonra geniş vüsət aldı. Tramp hətta o zaman bunun yanlış yanaşma olduğunu bəyan edirdi. Qeyd edirdi ki, Bayden ABŞ-nin hegomonluğunu heçə endirəcək. Əslində Tramp öz proqnozlarında haqlı idi". 

Analitik vurğulayıb ki, Trampın yenidən hakimiyyətə gəlməsində Ukrayna amilinin də mühüm rolu olub: 
"Trampın hansı addımlar atacağı, prosesə hansı rakursdan yanaşacağı barədə də qəti söz demək mümkün deyil. Çünki o artıq ABŞ rəhbəri kimi proseslərə yanaşmalıdır. Yəni Ağ Evin Rusiyaya qarşı təzyiqləri davam edəcək. Amma bu təzyiqlərin miqyasının yüksək olacağı qənaətində deyiləm. Müharibənin 2025-ci ilin sonuna bitəcəyini iddia etmək olmaz. Savaş uzana da bilər. Ancaq müharibənin əsas fazasının yaxın gələcəkdə bitəcəyinə şübhə etmirəm. Artıq Ukrayna və Rusiya kifayət qədər tükənib. Qərb koalisiyasının davamlı hücumları Rusiyanı çökdürməsə də, xeyli zəiflətdi. Moskva məhz bu itkiləri konpensasiya etmək üçün anti-Qərb koalisiyasını gücləndirir. Ələlxüsus Rusiyanın Çin, Hindistan və İran arasında əməkdaşlığı artırması da bununla bağlıdır. BRİKS-in gəlirləri yaxın üç ildən sonra Qərb koalisiyasında təmsil olunanların gəlirlərini üstələyəcək. Hesab edirəm ki, yanvarın 20-dən, yəni ABŞ prezidentinin andiçmə mərasimindən sonra Trampa Administrasiyası Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində aktiv fəaliyyətə başlayacaq. Nəticədə bu proses gərgin mərhələdən yumuşaq fazaya keçid edəcək. Amma yenə deyirəm, münaqişənin sülh sazişi ilə bitəcəyi də inandırıcı görünmür. Müharibədə kifayət qədər qurbanlar vermiş tərəflərin asanlıqla kapitulyasiyaya, güzəştlərə gedəcəyi inandırıcı deyil. 

ABŞ Rusiyaya qarşı təzyiqi daha çox Qara dəniz hövzəsi ölkələri, postsovet məkanı üzərindən etməyə çalışırdı. Ukrayna da bunun bariz nümunəsidir. Gürcüstanda keçirilən son seçkilərin nəticələri, region ölkələrinin müstəqil siyasət kursu bir daha göstərdi ki, bölgə xalqları ABŞ və onun müttəfiqlərinin çirkin oyunlarına alət olmaq istəmir.
Chosen
45
50
sherg.az

10Sources