EN

Media Savadlılığı: Çağdaş ictimaiyyətin zərurəti – Xatirə Hüseynova ilə MÜSAHİBƏ

Dekabrın  16-dan  Bakıda  "Media Savadlılığı" Həftəsi keçirilir. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən  "Media Savadlılığı" Həftəsi aidiyyəti dövlət qurumlarının, özəl sektorun, akademik müəssisələrin, media nümayəndələrinin və vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığı ilə təşkil  olunub. Məqsəd, müasir dövrdə getdikcə aktuallaşan media savadlılığının vacibliyini cəmiyyətə çatdırmaq, bu sahədə təcrübə və bilikləri paylaşmaqdır.

"Media Savadlılığı" Həftəsi yalnız bir təbliğat kampaniyası deyil, informasiya cəmiyyətinin təhlükəsizliyi və davamlı inkişafı üçün əhəmiyyətli bir platformadır. Medianın cəmiyyətə təsiri, müasir dünyada informasiya texnologiyalarının rolunun artması ilə daha da güclənib. İnformasiya bolluğu şəraitində insanlar dəqiq və obyektiv məlumatları seçməkdə çətinlik çəkir, bu isə dezinformasiyanın yayılmasını sürətləndirir. "Media Savadlılığı" Həftəsi məhz bu məsələlərin həllində həm fərdlərə, həm də qurumlara dəstək olmağı hədəfləyir.

Bu gün media savadlılığı yalnız jurnalistlərin deyil, hər bir cəmiyyət üzvünün diqqət etməli olduğu məsuliyyətli bir yanaşma tələb edir. Həftə çərçivəsində təşkil olunan seminarlar, müzakirələr və təlimlər, informasiya məkanında baş verən yeniliklərə uyğunlaşmaq, auditoriyanı maarifləndirmək və yeni biliklər qazandırmaq baxımından böyük önəm daşıyır.

2022-ci ildən qüvvəyə minmiş "Media haqqında" Azərbaycan Respublikasının Qanununda da media savadlılığı məsələsi ayrıca yer alır. Qanuna əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir.

Bu aktual və önəmli məsələylə bağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova ilə söhbət etdim. O, Azərbaycanda media savadlılığının inkişafına yönəlmiş təşəbbüslər, bu sahədə qarşıda duran çağırışlar və gələcək perspektivlər barədə maraqlı fikirlərini bölüşdü. Söhbətimizdə həm də informasiya manipulyasiyasından qorunmağın yolları və media savadlılığının cəmiyyətin hər bir təbəqəsi üçün əhəmiyyəti barədə ətraflı danışdıq.

- Xatirə xanım, media savadlılığı nədir və niyə vacibdir?

- Media savadlılığı media mətnlərinin, auditoriyaya təqdim olunan kontentin məzmununu dəyərləndirə, interpretasiya edə biləcək analitik düşüncə tərzini inkişaf etdirən sahədir.  Media savadlılığı olan şəxs qavrama, analiz, qiymətləndirmə qabiliyyətlərinə yiyələnir, media kontentinin sosial, mədəni, siyasi aspektlərindən xəbərdar olur. Çağdaş medianın faydalandığı kodlara bələd olmaq, media manipulyasiyasından qorunmaq, nəhayət dəqiq və faydalı yeni kontent yaratmağı bacarmaq üçün media savadlı olmaq çox önəmlidir. Media savadlı fərd həm də oxucu və izləyici kimi məsuliyyətini dərk edən vətəndaşa çevrilir.

- Müasir dövrdə, xüsusilə rəqəmsal informasiya bolluğu şəraitində, insanları yanlış məlumatlardan necə qorumaq olar?

- Çağdaş istifadəçi həm media məhsulunu qəbul edən, həm də özü yeni məzmun yaradan qismindədir. Sosial şəbəkələrin bolluğu dəqiq yoxlanılmayan saxta xəbərlərin sürətlə tirajlanmasına şərait yaradır. Nəticədə internet məkanında şübhə doğuran saysız-hesabsız məlumatlar dolaşır. Saxta xəbərlərdən qorunmağın bir neçə yolu var. Əvvəla xəbərin yayımlandığı resursun - xəbər qaynağının nə dərəcədə mötəbər olduğuna diqqət yetirmək vacibdir. Nüfuzlu qaynaq saxta xəbər ehtimalını azaldır. 
Sonra oxuduğunuz xəbəri digər media yayımlarında axtarmaq lazımdır. Əgər digər saytlarda rast gəlmədiyiniz xəbər yalnız bir mənbədə varsa, onun səhihliyinə şübhə ilə yanaşmaq lazımdır. 
Daha bir yol - xəbərin dilinə diqqət yetirmək önəmlidir. Xəbər daha çox auditoriyanın intellektinə yönəlməlidirsə, saxta xəbər əsasən kütlənin emosiyalarına yönəlik olur. 
Saxta xəbəri müəyyən etmək üçün texniki vasitələr də mövcuddur. "Faktı yoxla" , "Google" axtarış sistemləri vasitəsilə faktın dəqiq olub-olmadığını araşdırmaq mümkündür.

- Azərbaycanda media savadlılığı səviyyəsini necə qiymətləndirirsiniz? Təkmilləşdirmək üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanda media savadlılığının artırılması sahəsində xüsusilə son dönəmlərdə xeyli işlər görülür. MEDİA Agentliyinin təşkil etdiyi təlimlər, seminarlar, konfranslar, "medialiteracy.media.gov.az" portalının istifadəyə verilməsi bu qəbildən olan fəaliyyətlərdəndir. Media haqqında Azərbaycan Respublikasının Qanununda da media savadlılığına ayrıca bölmənin həsr edilməsi bu sahənin əhəmiyyətindən xəbər verir. Düşünürəm ki, informasiya təhdidlərinə vaxtaşırı məruz qalan ölkə olaraq media savadlılığının inkişafına daha çox diqqət ayırmalıyıq. Məsələn, Türkiyə təcrübəsində olduğu kimi orta məktəblərdən media savadlılığının tədrisinə başlamaq, ixtisasından asılı olmayaraq bütün ali təhsil ocaqlarında media savadlılığını tədris planına daxil etmək, şübhəsiz, müsbət nəticələr verər.

- Jurnalistlərin və media nümayəndələrinin media savadlılığı mövzusunda hansı məsuliyyətləri var?

- Jurnalistlərin də, media nümayəndələrinin də media savadlılığının artırılmasında rolu böyükdür. Peşəkarlar öz operativ, dəqiq və obyektiv xəbərləri ilə bir növ master-klas keçməlidirlər. Auditoriyaya gerçəyin necə göstərilməli, faktın necə fiksasiya edilməli olduğunu nümayiş etdirmək gərəkdir. Daha çox bir sıra qurumların kommunikasiya məsələlərinə cavabdeh olan şəxslərin üzərinə məsuliyyət düşür. Baş verən hər hansı hadisə, hansısa fors-major hallarda, fövqəladə durumlarda operativ məlumatın gecikməsi onun yerinin dezinformasiya ilə doldurulmasına səbəb olur. Çünki əsrimiz sürət əsridir, cəmiyyət baş verənlər haqqında dərhal xəbərdar olmaq istəyir. Bu məlumat ehtiyacını peşəkarlar dəqiq, dürüst həm də zamanında ödəməyi bacarmalıdırlar. Əks halda, yeriyə bilməsə də, "yalan ayaq tutur".

- Dezinformasiya və informasiya müharibələrinin geniş yayıldığı dövrdə media savadlılığı dövlət təhlükəsizliyi üçün necə önəmli ola bilər?

- Əlbəttə, dövlətin informasiya təhlükəsizliyi ən önəmli məsələlərdəndir. İnformasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin ən vacib istiqamətlərindəndir. Son dövrlərdə hər birimiz ölkənin artan nüfuzuna paralel olaraq informasiya təhdidlərinin də artmasının şahidi oluruq. Media savadlı fərdlər media savadlı cəmiyyəti formalaşdırır. Belə cəmiyyətdə isə feyk xəbərlərin, dezinformasiyanın yayılma ehtimalı azalır. Cəmiyyət özü doğrunu yanlışdan seçib layiqli cavab reaksiyasına hazır olur. Beləcə kibertəhlükəsizlik sahəsində sağlam mühitin formalaşması yönündə ciddi addımlar atılır.

Media savadlılığı fərdlərin təkcə informasiya istehlakçısı deyil, həm də məsuliyyətli kontent yaradıcısına çevrilməsinə yardım edir. Bu, yalnız fərdlər və cəmiyyət üçün deyil, dövlətin informasiya təhlükəsizliyi və milli maraqları üçün də həyati əhəmiyyət daşıyır. Medianın davamlı olaraq inkişaf etdiyi çağdaş dövrdə hər birimiz bu prosesdə aktiv iştirak etməli, maariflənməni həyatımızın bir hissəsinə çevirməliyik. Unutmayaq ki, yalnız media savadlı cəmiyyətlərdə daha sağlam, təhlükəsiz və məlumatlı gələcək qurmaq mümkündür.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
41
olaylar.az

10Sources