RU

Mahir Emreli “Nürnberq”də 2-ci qolunu vurdu!

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 10-cu turu çərçivəsində baş tutan “Yan Regensburq”la matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyunda 8:3 hesablı qələbəyə seviniblər. Mahir start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə, hesab 4:3 olarkən əvəzlənib. Komandasının ikinci qolunu da məhz Mahir vurub. O, 23-cü dəqiqədə fərqlənib. Bu, onun Almaniya çempionatında ikinci qolu olub. Mahir “Nürnberq”dəki ilk qolunu da ötən tur “Qroyter Fürt” ilə səfər oyununda vurmuşdu.

“Nürnberq” 10 oyuna topladığı 16 xalla hazırda 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 1 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını noyabrın 3-də səfərdə “Hamburq”a qarşı keçirəcək. Buna qədər isə Mahirin komandasını “Hoffenhaym”la kubok oyunu gözləyir. Bu qarşılaşma oktyabrın 30-da səfərdə baş tutacaq.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 5 rəsmi matça çıxıb, 2 qol vurub.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 5 qol vurub.

Избранный
89
3
arena.az

10Источники