RU

Təbrizdə Azərbaycan Tarixi Muzeyi

Orada “Səfalət zəncirləri”adlı heykəllər və “Bismillah!” daşı da var

“Xalq qəzeti”ndə verilmiş yazılarımı vərəqləyərkən “Təbrizdə “Bismillah!” daşı da var” adlı qeydlərimi gördüm. Onu da əlavə edim ki, Təbrizdə üzərində “Bismillah!” ayəsi oyularaq yazılmış bir neçə daş var. 2000-ci ildə biz o daşların ən böyüyünü – indi çəkisini yaza bilmirəm, amma 2 tondan çox olduğunu eşitmişdim – həm də adi daş rəngində olanını görmüşdük. 2004-cü ildə isə heykəltaraş Əhəd Hüseyninin hazırladığı xeyli kiçik, həm də qızılı rəngli “Bismillah!” daşını gördük.

Xatırladaq ki, Təbrizdə doğulub böyümüş Əhəd Hüseyni 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan sənətkar 12 heykəldən ibarət olan “Səfalət zəncirləri” adlı əsərini yaratmışdır. Böyük ürək sahibi olan soydaşımız bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir. Sənətkar həmin heykəllərin hamısını tuncdan yaratmış və onları insanın ağrı-acılarını göstərən şəkildə təqdim edə bilmişdir.

Qızılı rəngli daş Azərbaycan muzeyinin birinci mərtəbəsində saxlanılır. Orada Əhəd Hüseyninin öz qalereyası var idi. Bu muzey 3 böyük salon, bağça, ofislər və kitabxanadan ibarətdir. Bələdçilər danışmışdılar ki, milli muzeylər içərisində ən zəngin kolleksiyaya sahib olan bu saxlanc əksəriyyəti Azərbaycandakı qazıntılarda tapılmış tarixi eksponatlardan ibarətdir.

Maraqlı məqamlardan biri də odur ki, muzeyin kitabxana bölməsində tarix, arxeologiya, sənət, region və Şərq mədəniyyəti haqqında yazılmış (bəziləri əlyazma şəklində olan) 2 min 500-dən çox kitab var. Bu mədəniyyət ocağı Təbrizin böyük muzeylərindən biri sayılır. Eksponatlar arasında olan tarixi sikkələrin ən qiymətlisi Makedoniyalı İskəndərin zabitlərindən biri olan Selevkə aiddir. O da yadımdadır ki, muzeydə külli miqdarda sikkə və möhürlər də nümayiş etdirilir.

Bu muzeyə gedəndə Xaqani parkının və Göy məscidin yanından keçmişdik. Biz orada qədim əsrlərdən etibarən Sasani dövlətinin sonuna (656) qədərki dövrə aid nümunələri, ilahə və tanrıçalara həsr edilmiş heykəlləri, 2 insan skeletini (qadın və kişi) və təbii ki, “Bismillah!” daşını görmüşdük.

İttifaq MİRZƏBƏYLİ

Избранный
95
42
xalqqazeti.az

10Источники