Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində 10-dan artıq şagirdin zəhərlənməsinin səbəbi məlum olub.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə ümumtəhsil məktəbinin iki sinfində pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-nəfərə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür", deyə məlumatda bildirilir.
Qeyd edək ki, ilkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan sobanın səbəb olduğu və uşaqların tüstüdən zəhərləndiyi bildirilir.
11:40
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində qeydə alınıb.
Məktəbin 20-dən artıq şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub.
"Cebheinfo.az"