RU

"İş quracam" deyib evdən çıxdı... - Qəzada sağ qalan Ayhanın atası

"Qazaxıstanda bir təyyarənin qəzaya düşdüyünü dedilər. Fikirləşdim ki, Dağıstan hara, Qazaxıstan hara?".

Bu sözləri Teleqraf.com-un Cənub bürosuna açıqlamasında bu gün təyyarə qəzası nəticəsində sağ qalan Lənkəran rayonu, Lüvəsər kənd sakini Ayhan Bayramovun atası Zəfər Bayramov deyib.

O bildirib ki, oğlu srağagün bibisi ilə Sumqayıta gedib, orada qalıb:

"Bu gün isə səhər 04:00-da hava limanına gedib. Əmisi Dağıstanda yaşayır, həm ona baş çəkməyə gedirdi, həm də özünə bir iş quracaqdı. Qardaşıma zəng elədim, aeroporta oğlumu qarşılayacaqdı. Uşaq oraya çatan kimi zəng edib hər şeyin qaydasında olacağını bizə bildirəcəkdi. Səhər saat 9 oldu, xəbər çıxmadı, 10 oldu yenə eyni vəziyyət... Gəldim kəndə, kənddə Qazaxıstanda bir təyyarənin qəzaya düşdüyünü dedilər. Fikirləşdim ki, Dağıstan hara, Qazaxıstan hara? Uzaqdır deyə əhəmiyyət vermədim. Sonra narahat oldum, qardaşıma zəng elədim, ağlayırdı. Dedi ki, bir söz demə, bədbəxt olduq, oğlunun olduğu təyyarə qəzaya uğrayıb. Dərhal telefonu söndürdüm. Yoldaşıma xəbər verdim və televizoru açdım. Xəbərləri izləyəndə Ayhanı orada görmədim".

Zəfər Bayramov əlavə edib ki, Rusiyada yaşayan qohumları ona Ayhanın sağ olduğu xəbərini veriblər:

"Düzdür, ilk olaraq sevindim, amma ölənlərə kədərləndim. Allah qalanlara da can sağlığı versin. Günorta 13-14 radələrində mənə bir xanım zəng vuraraq Qazaxıstanda Azərbaycan diasporasının üzvü və səfirliyimizin işçilərindən biri olduğunu dedi. Dedilər ki, övladınız yanımızdadır, narahat olmayın. Ayhanla danışdım.

Oğlumun sənədlərinin necə olacağını və ölkəyə necə qayıdacağını soruşdum. Onlar hər şeyin dövlət nəzarətində olduğunu və hər şeyin qaydasında olduğunu bildirdilər və əlaqə saxlayacaqlarını dedilər. Ondan sonra oğlumla əlaqə saxlaya bilməmişəm".

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Nəticədə təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Müəllif: Teleqraf.com
Избранный
22
1
teleqraf.com

10Источники