Azərbaycan İsraildən təyyarə və raket kimi hava hücumu alətlərindən qorunmaq üçün nəzərdə tutulmuş daha bir Barak MX hava hücumundan müdafiə sistemi alacaq.
Qərb mətbuatının yazdığına görə, alqı-satqının dəyəri 1,2 milyard dollar təşkil edir. Məlumatda bildirilir ki, Israel Aerospace Industries (IAI) əvvəllər Azərbaycanda Barak MX-in imkanlarını nümayiş etdirib, sınaqlar zamanı bu sistemin müxtəlif versiyalarının tutucularının bir neçə dəfə buraxılışı olub.
Barak MX - modul tipli mobil hava hücumundan müdafiə sistemidir, müxtəlif modifikasiyalı raketlərdən, eləcə də təyyarələr, helikopterlər və PUA kimi hava obyektlərindən qorunmağa qadirdir. Sistemə müxtəlif mənzilli üç növ tutucu raketlər daxildir: 35 km-ə qədər, 70 km-ə qədər və 150 km-ə qədər. Qeyd etmək vacibdir ki, Barak MX gəmi platformalarında quraşdırıla bilər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2018-2022-ci illərdə Azərbaycan İsraildən əsas silah idxalçılarından biri olub - İsrailin silah ixracında Azərbaycanın payı 9,1 faiz təşkil edir.
Politoloq Ərəstun Oruclu bildirib ki, İsrail silahının ən əsas alıcısı Hindistan (1,2 milyard dollar), ikinci isə Azərbaycan olub (295 milyon dollar).
"İsrailin silah ixracının 24% ərəb ölkələrinin payına düşür, amma İsrail müdafiə nazirliyinin məlumatında onların hansı ölkələr olduğu açıqlanmır. Forbes isə Mərakeşin İsrail silahının alıcıları arasında olduğunu bildirir”- deyə Ə. Oruclu qeyd edib.
Politoloq onu da vurğulayıb ki, Mərakeşin İsrail və Türkiyə silahlarına marağı Azərbaycanın 2020-ci ildə qalib gəldiyi 44 günlük müharibədə onlardan uğurla istifadə etməsindən qaynaqlanır:
”Mərakeş İsraillə 500 milyon dollar həcmində Barack MX sistemi almaq barədə anlaşma imzalayıb”.
Ekspertin sözlərinə görə, Rusiya istehsalı olan İskander raketinin Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən İsrail istehsalı olan Barack-8 hava hücumundan müdafiə sistemi ilə vurulduğunu Qərb mediası yazır:”
"Digər tərəfdən, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq haqqında imzalanmış sazişə əsasən Ermənistan ordusunun hərbçilərinə Fransa hərbi məktəblərində özəl proqramlar əsasında təlimlər keçiriləcək. Bundan başqa Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri, zirehli hərbi texnika, digər hərbi sursat və ləvazimatlar yollayacaq. Erməni mediası həmin silahların bir hissəsinin artıq çatdırıldığını bildirir. Beləliklə, durmadan kəskinləşən geosiyasi mübarizənin ağırlıq mərkəzinin Cənubi Qafqaza keçməsinin tək diplomatik-siyasi deyil, həm də hərbi əlamətləri özünü göstərməkdədir. Sürətli silahlanma bölgədə yeni müharibə riskini artırır”.
Politoloq onu da vurğulayıb ki, Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanacağı inandırıcı görünmür. /qaynarinfo.az/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta