AZ

Fransa və Hindistan silahları bölgədə nəyi dəyişə bilər?..

Dünya ölkələri silahlanma yarışına giriblər desək, yanılmarıq. İkinci Qarabağ müharibəsi klassik müharibə variantlarına yeni bir baxış formalaşdırdı və ardınca Rusiya-Ukrayna,  İsrail-Hamas müharibələri yalnız qlobal güclərin hibrid qarşıdurması kimi deyil, eyni zamanda əksər dövlətlərin silahlanmasına təkanverici faktor kimi xarakterizə olunur. Təbii, bu “yarışda”  Ermənistanın da yer alması və artıq konkret nəticələrə nail olması bizi daha çox maraqlandırır, çünki tam məğlub olmasına baxmayaraq, silahlandığını açıq nümayiş etdirir.
 
KTMT üzvü Ermənistanın Fransa və Hindistandan silah alması bizim üçün təhlükəli ola bilərmi?.. 
 
Qeyd edək ki, alınan silahlara sərf olunan vəsait 1 milyard dollara belə yaxınlaşmır. Əsasən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə idarə olunan raketlər, müxtəlif kalibirdə Zenit Raket Komlekslərindən  (ZRK) ibarət silahların alınacağı barədə verilən məlumatlar reallaşsa belə, bu günkü Azərbaycan üçün xüsusi təhlükə yaratmır. Bu silahların alınması, Ermənistana çatdırılması, silahlardan istifadə qaydaları haqqında aylarla davam edən təlimlər kifayət dərəcədə zaman aparan məsələdir. Hindistan istehsalı silahlar isə daha çox quru qoşunların istifadə etdiyi atıcı silahlar olduğundan burada da Azərbaycan üçün təhlükə yaradacaq perspektivlər azdır. Bu, o demək deyil ki, biz arxayın olmalıyıq, ehtiyatlı olmamalıyıq. Ölkəyə yönəlik istənilən təhlükəni qabaqcadan müəyyənləşdirib adekvat təhlükəsizlik tədbirlərini görmək üçün Azərbaycanın potensialı qarşı tərəfdən dəfələrlə üstündür və bu, praktik şəkildə də sübut olunub.
 
 Azərbaycanın ərazi bütövlüyünün birdəfəlik – de-yure, de-fakto həllindən sonra bölgədə mövcud vəziyyət elə formalaşma prosesinə daxil olub ki, ona əsaslanıb aparılan siyasi oyun qaydalarını Fransadan alınan HHM vasitələri, hindlilərin atıcı silahları ilə dəyişməyin qeyri-mümkünlüyünü deyə bilərik. Fransanın bu gün Azərbaycana qarşı olan siyasəti Emmanuel Makronun fərdində qurulub və bu siyasətin Makronun prezidentliyi bitəndən sonra davam edəcəyi inandırıcı deyil. Ona görə də, Azərbaycanın bu gün strateji təmkin nümayiş etdirməsi bizim uğurumuzdur. Fransanın Azərbaycana qarşı apardığı siyasət erməni faktoru ilə yanaşı Türkiyəyə olan münasibətinin tərkib hissəsidir. Burada Fransanın Liviya və Afrikanın bəzi ölkələrində maraqlarının həyata keçirilməsində Türkiyə ilə qarşılaşması, ümumiyyətlə Türkiyəni maneə kimi görməsi də rol oynayır. Fransa Ermənistan cəmiyyətinə, hakimiyyətinə özünü onların təhlükəsizliyinin təminatçısı kimi göstərməyə çalışır və bununla da Rusiyanı əvəzləyəcəyini güman edir. 
 
Ermənistanın indiki mərhələdə silahlanmaya xüsusi meyl etməsi Paşinyanın son günlər sülh müqaviləsini imzalamaq üçün göstərdiyi fəaliyyətin səmimiyyətinə kölgə salır və inamsızlıq yaradır. Büdcəsini əsasən iyanələr vasitəsilə formalaşdıran bu ölkənin indiki həssas mərhələdə silahlanmaya külli vəsait ayırması ilk növbədə özlərinə, çox danışıdıqları sülh müqaviləsinin imzalanmasına, bölgədə dayanıqlı sülh və sabitliyin yaranmasına zərərdir. 
 Ermənilərin bir qismi etiraf edir ki, qeyd olunan silahların alınması Ermənistana xüsusi bir üstünlük vermir və Qarabağın hərb yolu ilə geri qaytarılmasına cəhdin belə, Ermənistana növbəti fəlakət gətirəcəyini vurğulayırlar. Amma, revanşist qüvvələr hələ də şovinist təfəkkürdən uzaqlaşmayıblar. Əslində isə, Qarabağ mövzusu indiki vəziyyətdə Ermənistanda hakimiyyət uğrunda mübarizənin tərkib hissəsidir və 44 günlük müharibədən bu günədək uğursuz şəkildə davam edir. 
 Avropa İttifaqının, ayrıca Fransanın və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı yönlənmiş, bu gün və hələ bir müddət davam edəcək yalançı “etnik təmizləmə” kampaniyası Azərbaycan diplomatiyasının üzərinə böyük fəaliyyət məsuliyyəti qoyur. Əgər indiyədək ərazi bütünlüyümüzlə bağlı problemlərin həlli Azərbaycan Ordusunun üzərinə düşürdüsə, mövcud situasiyada ağırlıq diplomatiyamızın üzərindədir. Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı informasiya mübarizəsinin təşkili, beynəlxalq ictimaiyyət üçün erməni yalanlarının ifşası istiqamətində konkret faktlara, sübutlara əsaslanan materialların yayılması indiki mərhələdə vacib məsələlərdəndir. 
 
 İlham İsmayıl
 
Seçilən
870
50
moderator.az

10Mənbələr