Albaniyanın kənd təsərrüfatı sektorunu dəstəkləmək məqsədilə ayrılmış 112 milyon avro dəyərindəki Avropa İttifaqı (Aİ) fondları sui-istifadə hallarına görə qeyri-müəyyən müddətə dayandırılıb. Bu qərar, Aİ-nin Anti-Fırıldaqçılıq Ofisi (OLAF) tərəfindən İPARD II proqramında ciddi pozuntular aşkar edildikdən sonra verilib.
Fins.az OLAF-ın hesabatına əsasən, xəbər verir ki, əvvəlki proqram çərçivəsində ayrılmış 33 milyon avroluq vəsaitin təyinatı üzrə istifadə olunmadığı iddia edilir. Araşdırma nəticəsində bəzi siyasi əlaqəli qurumların qanunsuz olaraq bu vəsaitlərdən yararlandığı məlum olub. Həqiqi fermerlər isə fondlardan məhrum edilib.
Kənd Təsərrüfatı Naziri Anila Denay parlamentdə bildirdi ki, Albaniya tərəfindən hazırlanmış fəaliyyət planı hələ də Aİ tərəfindən qiymətləndirilir. O, eyni zamanda, müstəqil auditor tərəfindən əhatəli audit aparıldığını və nəticələr əsasında yenidən qiymətləndirmə aparılacağını vurğuladı.
Fondların bərpası yalnız Albaniyanın Avropa fondlarını düzgün idarə edə biləcəyini sübut etməsindən sonra mümkün olacaq. Hazırda məsələ Xüsusi Prokurorluq tərəfindən araşdırılır.