"Demokratiya təyinat yeri deyil, yoldur, həm də çox ağır yoldur. Siz çox ağır yolla gedirsiniz, amma bu yolda tək deyilsiniz!.."
Ukrayna yaxın günlərdə mürəkkəb çağırışlarla üzləşəcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin oktyabrın 21-də Kiyevdə Ukrayna DİN Diplomatik Akademiyasında çıxışı zamanı bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
"Ukrayna yaxın günlərdə mürəkkəb çağırışlarla üzləşəcək. 2014-cü ildə burada çıxış edən o zamankı vitse-prezident Co Baydenin dediyi kimi, demokratiya təyinat yeri deyil. Demokratiya yoldur, çox ağır yoldur...Ukrayna igidlik yolunu seçib, elə biz də həmçinin. Dostlar, siz ağır yolla gedirsiniz, amma bu yolda tək deyilsiniz", - Pentaqon rəhbəri deyib.
"Ukrayna Rusiyaya, Putinə deyil, Ukrayna xalqına məxsusdur..."
Ostin deyib ki, "heç vaxt özünü müdafiə edən demokratiyanın gücünü azaltmaq olmaz".
Pentaqon rəhbəri əlavə edib ki, Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putin hesab edir ki, o, bu müharibədə, guya, qalib gələcək, amma o, yanılır".
"Birləşmiş Ştatlar Ukraynanın sağ qalması və təhlükəsizliyi uğrunda mübarizəsində lazım olanları verəcək. Ukrayna Rusiyaya və Putinə məxsus deyil, Ukrayna xalqına məxsusdur. Moskva Ukraynada heç vaxt qalib gəlməyəcək", - Ostin vurğulayıb.
O, həmçinin Putinə bütün istədiklərini etməyə imkan verilməsinin yolverilməzliyi barədə bəyan edib. Onun sözlərinə görə, axı, bu, növbəti nəsilləri "daha qanlı və daha təhlükəli dünyada yaşamağa" düçar edəcək.
"Biz hamımız anlamalıyıq ki, Putinin hücumu xəbərdarlıqdır. Bu, tiranlar və başkəsənlərin qurduğu dünyadır. Bu dünya təsir dairələrinə bölünən zorakılıq dünyasıdır. Bu, xuliqanların öz qonşularını ayaqları altında tapdaladığı dünyadır. Bu, təcavüzkarların azad insanları qorxu içində yaşamağa vadar etdiyi dünyadır", - Pentaqon rəhbəri əlavə edib.
"Prinsipin dəyəri həmişə təslimçiliyin dəyərindən aşağı olur..."
"Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə sona yetməsi XXI əsrdə qlobal təhlükəsizliyin trayektoriyasını müəyyən edəcək. Avropanın gələcəyi, NATO-nun gücü, Amerikanın təhlükəsizliyi təhlükə altındadır", - o, deyib.
Onun sözlərinə görə, ABŞ və müttəfiqləri anlayır ki, "təcavüz qarşısında prinsipin dəyəri təslimçiliyin dəyərindən həmişə aşağı olur".
Ostin Ukraynanın müdafiəsi məsələləri üzrə "'Ramştayn" Təmas Qrupunun işini xatırladıb. Onun sözlərinə görə, təkcə Almaniya Ukraynaya təxminən 31 milyard dollarlıq hərbi yardım edib.
"Mən sevinc hissi ilə xatırladıram ki, Birləşmiş Ştatlar da həmçinin öz rolunu oynamaqdadır. 2022-ci ilin fevralından biz Ukraynaya təhlükəsizlik üzrə 58 milyarddan artıq yardım göstərmişik. Biz Ukraynaya iki "Patriot" batareyası və onlarla HHM sistemləri vermişik. Biz HIMARS raket sistemləri, minlərlı zirehli maşın və dronlar, habelə milyonlarla artilleriya mərmisi və digər döyüş sursatları vermişik", - o, əlavə edib.
"Heç bir "gümüş güllə" mövcud deyil..."
Döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya bütün hərbi imkanların məcmusu lazımdır.
"Heç bir "gümüş güllə" mövcud deyil. Heç bir ayrıca güc vəziyyəti dəyişə bilməz. Heç bir ayrıca silah sistemi Putinin hücumuna son qoya bilməz. Ukraynanın necə müqavimət göstərməsi vacibdir. Hərbi imkanların məcmu effekti vacibdir və işlək olanlara diqqət yetirmək lazımdır", - o, bəyan edib.
Ostin vurğulayıb ki, ABŞ bundan sonra da Ukrayna xalqının təhlükəsiz və azad şəraitdə yaşamaq haqqını müdafiə edəcək.
"Amerikanın məqsədləri aydın, prinsipial və gerçək olaraq qalır. Biz azad, suveren, bu gün və gələcəkdə özünü Rusiyanın təcavüzündən müdafiə etmək iqtidarında olan Ukraynaya nail olmaq niyyətindəyik", - Ostin əmin edib.