AZ

Basketbol: “Naxçıvan”dan 2-ci qələbə!

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 1 qarşılaşma baş tutub.

İlk matçında “Neftçi”dən üstün olan “Naxçıvan” bu dəfə Bakıda NTD-ni sınağa çəkib. Meydan sahibləri bu dəfə də azarkeşlərini sevindiriblər. Oyunun qalibi əlavə vaxtda bəlli olub. Daha dəqiq olan naxçıvanlılar 72:71 hesabı ilə qələbə qazanıblar. NTD isə ardıcıl ikinci görüşdə uduzub.

Qeyd edək ki, 2-ci turun digər görüşlərində oktyabrın 25-də “Sumqayıt” “Lənkəran”ı qəbul edəcək. 1 gün sonra “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də keçiriləcək “Neftçi” – “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 2-ci tur
22 oktyabr

“Naxçıvan” – NTD – 72:71 (22:18, 13:15, 13:18, 17:14, 7:6)
“Sərhədçi” İdman Kompleksi.

Seçilən
25
7
arena.az

10Mənbələr