Bu gün Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, A və B qrupları çərçivəsində iki qarşılaşma baş tutub.
Hər 2 matç Bakıda baş tutub. İlk turda “Sabah”a uduzan “Sərhədçi” NTD-ni məğlub edən “Abşeron”u sınağa çəkib və bu dəfə qələbəyə sevinib.
Ötən tur “Sumqayıt”dan üstün olan “Ordu” isə ilk oyununda “Quba”ya qalib gələn “Şəki”i ilə qarşılaşıb. Bu görüş də “Ordu”nun qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, A qrupunda 2-ci turun ilk görüşündə “Naxçıvan” NTD-yə 72:71 hesabı ilə qalib gəlib. B qrupunun ilk matçında isə “Lənkəran” “Sumqayıt səfərində ilk qələbəsini qazanıb – 93:71.
Tura oktyabrın 27-də “Neftçi” – “Sabah” və “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.
Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.
Azərbaycan Basketbol Liqası
2-ci tur
26 oktyabr
A qrupu
“Sərhədçi” – “Abşeron” 58:46 (21:17, 23:13, 14:16, 0:0)
Sərhədçi İdman Mərkəzi.
Xal: Naxçıvan – 4. Sərhədçi – 3. Abşeron – 3. Sabah – 2. NTD – 2. Neftçi – 1.
B qrupu
“Ordu” – “Şəki” 104:84 (26:19, 31:19, 25:27, 22:19)
Bakı İdman Sarayı.
Xal: Ordu – 4. Lənkəran – 3. Şəki – 3. Gəncə – 2. Sumqayıt – 2. Quba – 1.