Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 8-cu turuna start verilib.
Arena.az xəbər verir ki, günün yeganə matçı Bakıda baş tutub.
A qrupu çərçivəsində keçirilmiş oyunda “Neftçi” NTD-ni sınağa çəkib. Ötən tur lider “Sabah”ı məğlub edən “ağ-qaralar” ikinci qələbələrini qazanıblar. Ardıcıl 4 oyundur uduzan Tahir Baxşıyevin komandası isə uğursuz gedişə son qoya bilməyib. Meydan sahiblərinin böyük fasiləyə 20 xallıq fərqlə yollanması matçın qalan dəqiqələrinə təsirsiz ötüşməyib. NTD-nin gücü yalnız fərqi 13 xaladək azaltmağa çatıb.
Dekabrın 21-də keçiriləcək turun digər oyunlarında “Sabah” “Abşeron”u, “Lənkəran” “Quba”nı, “Naxçıvan” isə “Sərhədçi”ni qəbul edəcək. Dekabrın 22-də isə “Gəncə” “Ordu” ilə, “Sumqayıt” isə “Şəki” ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
A qrupu, 8-ci tur
20 dekabr
“Neftçi” – NTD 81:68 (29:19, 23:13, 19:22, 10:14)
Bakı. “Sərhədçi” İdman Mərkəzi.
Xallar: Sabah – 13. Naxçıvan – 13. Abşeron – 11. Sərhədçi – 10. Neftçi – 10. NTD – 9.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.