Bu gün keçirilmiş iki oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü Gəncədə keçirilib.
“Gəncə” doğma meydanda “Ordu”nu qəbul edib. Qarşılaşma qonaqların xeyrinə başa çatıb – 79:77.
Növbəti oyunda “Sumqayıt” “Şəki” ilə üz-üzə gəlib. Görüş qonaq komandanın fərqli qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, 7-ci turun əvvəlki oyunlarında “Neftçi” NTD-ni (81:68), “Sərhədçi” “Naxçıvan”ı (86:65), “Sabah” “Abşeron”u (94:71), “Quba” isə “Lənkəran”ı (89:60) məğlub edib.
Azərbaycan Basketbol Liqası
B qrupu, 7-ci tur
22 dekabr
“Gəncə” – “Ordu” 77:79 ( 15:17, 29:22, 9:26, 24:14)
Gəncə İdman Sarayı.
“Sumqayıt” – “Şəki” 66:89 (17:20, 19:20, 14:28, 16:21)
Sumqayıt Olimpiya İdman Kompleksi.
Xallar: Gəncə – 14. Şəki – 14. Ordu – 13. Quba – 11. Lənkəran – 10. Sumqayıt – 10.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.