Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti 3 görüşü keçirilib.
Arena.az xəbər verir ki, iki matç Bakıda, digəri Lənkəranda baş tutub.
Əvvəlcə A qrupunun lideri “Sabah” “Abşeron”la qarşılaşıb. Azərbaycan çempionu hər 4 setdə üstün olub və mövsümdə 7-ci qələbəsini qazanıb – 97:71.
Qrupun digər matçında “Naxçıvan” “Sərhədçi”ni sınağa çəkib. Naxçıvan təmsilçisi böyük fasiləyə üstün yollansa da, rəqib komanda 3-cü dövrədə vəziyyəti öz xeyrinə dəyişə bilib. Son periodda fərqi daha da artıran “Sərhədçi” cari mövsümdə 4-cü qələbəsini qazanıb.
B qrupunun yeganə matçında “Lənkəran” öz meydanında “Quba” ilə qarşılaşıb. Görüş yenə meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb. Bununla da “Lənkəran” ardıcıl 4-cü dəfə uduzub.
Xatırladaq ki, 8-ci turun ilk matçında “Neftçi” NTD-ni 81:68 hesabı ilə məğlub edib. Dekabrın 22-də isə “Gəncə” “Ordu” ilə, “Sumqayıt” “Şəki” ilə üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
8-ci tur
21 dekabr
A qrupu
“Sabah” – “Abşeron” 94:71 (29:16, 17:12, 23:20, 25:23)
“Sərhədçi” İdman Mərkəzi.
“Naxçıvan” – “Sərhədçi” 65:86 (14:14, 20:18, 12:20, 19:34)
“Sərhədçi” İdman Mərkəzi.
Xallar: Sabah – 15. Naxçıvan – 14. Sərhədçi – 14. Abşeron – 12. Neftçi – 10. NTD – 9.
B qrupu
“Lənkəran” – “Quba” 60:89 (13:21, 14:24, 13:18, 20:26)
Lənkəran Olimpiya İdman Kompleksi.
Xallar: Gəncə – 13. Şəki – 12. Ordu – 11. Quba – 11. Lənkəran – 10. Sumqayıt – 9.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.