Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə A qrupunda yer almış NTD və “Neftçi” komandaları üz-üzə gəliblər.
Mövsümə uğursuz başlamış komandaların görüşü NTD-nin qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, 3-cü turun ilk görüşündə “Sərhədçi” ilə qarşılaşmış “Naxçıvan” 83:66 hesablı qələbəyə sevinmişdi. Sabah “Ordu” “Gəncə” ilə, “Quba” “Lənkəran”la qarşılaşacaq. Noyabrın 3-də “Şəki” “Sumqayıt”ı, “Abşeron” isə “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Basketbol Liqası
A qrupu, 3-cü tur
1 noyabr
NTD – “Neftçi” 66:63
Bakı. “Sərhədçi” İdman Mərkəzi.
Xal: Naxçıvan – 6. Sabah – 4. Sərhədçi – 4. NTD – 4. Abşeron – 3. Neftçi – 4.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.