Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun üçüncü oyun günündə B qrupunda yer almış komandalar qarşılaşıblar.
Hər 2 matç Bakıda baş tutub. “Ordu” – “Gəncə” duelində vahid lider bəlli olub. Gəncəlilər inamlı qələbə qazanıblar. Meydan sahibləri bu dəfə cəmi 61 xal toplayıblar. Qazanılan qələbə “Gəncə”ni vahid lider edib.
“Quba”nın uğursuz çıxışı davam edir. Komanda bu dəfə “Lənkəran”la görüşdə uduzub.
Xatırladaq ki, 3-cü turun ilk görüşündə “Sərhədçi” ilə qarşılaşmış “Naxçıvan” 83:66 hesablı qələbəyə sevinmişdi. NTD isə “Neftçi”dən güclü olub – 66:63. Noyabrın 3-də “Şəki” “Sumqayıt”ı, “Abşeron” isə “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Basketbol Liqası
B qrupu, 3-cü tur
2 noyabr
“Ordu” – “Gəncə” 61:82 (12:13, 18:25, 14:21, 17:23)
Bakı İdman Sarayı
“Quba” – “Lənkəran 81:86 (26:26, 12:21, 20:24, 23:15)
Bakı İdman Sarayı
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.