AZ

Sülh danışıqları:İRƏVAN SON ŞANSI DA İTİRƏ BİLƏR

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir. Bu baxımdan Bakıda keçirilən 29-cu BMT İqlim Dəyişikliyi üzrə Tərəflərin Konfransı (COP29) həm qlobal iqlim problemlərinin həlli, həm də regional siyasi dinamikanın təhlili baxımından mühüm bir hadisəyə çevrildi. Tədbir müxtəlif ölkələrin nümayəndələri və ekspertlərinin iştirakı ilə ekoloji problemlərdən əlavə, daha geniş siyasi və iqtisadi məsələlərin müzakirəsi üçün platforma oldu.

 

Fəqət rəsmi İrəvanın konfransda iştirakdan imtina etməsi iki ölkə arasında mövcud siyasi gərginliklərin normallaşma prosesinə maneə olaraq qalmasını bir daha aşkarladı.

 

Baş nazir Nikol Paşinyan administrasiyası Bakıda keçirilən tədbirə qatılmaq üçün Azərbaycanın suveren hüquqlarına zidd olan şərtlər irəli sürdü. İrəvanın əsas tələbi Azərbaycanda saxlanılan, ölkəmizə və xalqımıza qarşı terrorçuluqda, kütləvi qırğınlarda və insanlığa qarşı digər ağır cinayətlərdə suçlananan şəxslərin "dərhal və qeyd-şərtsiz" (!) azadlığa buraxılması idi.

 

Təbii ki, bu absurd tələb Azərbaycanın qanunlarına və beynəlxalq hüquqa əsaslanan hüquqi mövqeyini nəzərə almadığından qəti şəkildə rədd edildi.

 

Rəsmi Bakı tələbi qeyri-konstruktiv addım kimi qiymətləndirərək konfransın siyasiləşdirilməsinə qarşı çıxış etdi. Ermənistanın bu addımı, həmçinin, dekabr ayında başlanmış qarşılıqlı etimadın bərpası cəhdlərinə mənfi təsir göstərdi və sülh danışıqlarının irəliləməsini daha da mürəkkəbləşdirdi. Beynəlxalq tədbirlərdə iştirakdan imtina etməklə Ermənistan hökuməti əməkdaşlığa hazır olmadığını nümayiş etdirdi və normallaşma prosesinin perspektivlərini sual altına aldı.

 

COP29 ekoloji problemlərin həllinə həsr olunmuş qlobal bir tədbir olsa da, Ermənistanın iştirakdan imtinası bu məsələnin siyasi məcraya çəkildiyini göstərdi. Ölkəmiz normallaşma prosesinə sadiqliyini bir daha vurğulayaraq tədbirdə iştirak edən nümayəndələrə regional əməkdaşlığın əhəmiyyətini təqdim etdi. Konfrans, habelə, Azərbaycanın beynəlxalq səviyyədə konstruktiv mövqe sərgiləmək qabiliyyətini bir daha nümayiş etdirdi.

 

İrəvanın destruktiv yanaşması beynəlxalq ictimaiyyət, xüsusilə də Ermənistanı tam və total şəkildə dəstəkləyən ölkələrlə təşkilatlar tərəfindən obyektiv qiymətləndirilməlidir. İqlim dəyişiklikləri kimi qlobal əhəmiyyətli bir məsələdə belə, siyasi manevrlərdən istifadə etmək regionda uzunmüddətli sabitliyin təmin olunmasını çətinləşdirir. İki ölkə arasında normallaşma prosesinin irəliləməsi üçün Paşinyan hakimiyyətinin daha konstruktiv mövqe sərgiləməsi və əsassız şərtlərdən imtina etməsi vacibdir. Əks halda, bu cür yanaşmalar həm ikitərəfli münasibətlərin, həm də regionda sülh və sabitliyin inkişafına mane olmağa davam edəcək.

 

Azərbaycan həm ekoloji problemlərin həllinə, həm də regional əməkdaşlığa sadiqliyini nümayiş etdirərək, beynəlxalq ictimaiyyətin dəstəyi ilə normallaşma prosesinin davam etdirilməsi üçün çalışır. Ermənistanın bu prosesdə iştirak etməməsi isə yalnız öz maraqlarına zərbə vurur və beynəlxalq arenada konstruktiv tərəfdaş kimi çıxış etməsini çətinləşdirir.

 

Ermənistan hökumətinin bu qərarı, həmçinin, beynəlxalq müstəvidə öz maraqlarını yanlış metodlarla müdafiə etməyə çalışdığını göstərir. Bu addımın, xüsusilə, ekoloji problemlər və iqlim dəyişikliyi kimi qlobal məsələlərdə regional əməkdaşlığın əhəmiyyətini azaltmağa xidmət etdiyi açıq-aşkar görünür. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistanın destruktiv yanaşması regionda uzunmüddətli sabitliyin təmin olunmasını çətinləşdirir.

 

Ermənistanın COP29-da iştirakdan imtina etməsi və irəli sürdüyü əsassız şərtlər təkcə normallaşma prosesini deyil, həm də regionda etimad mühitini zədələyən ciddi bir siyasi səhv kimi qiymətləndirilə bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın bu cür davranışlarını obyektiv şəkildə qiymətləndirməli və tərəfləri konstruktiv dialoqa təşviq etməlidir.

 

Ermənistan Konstitusiyasının dəyişdirilməsinə, xüsusilə Azərbaycan ərazilərinə iddiaları əks etdirən müddəaların ləğvi məsələsinə gəldikdə isə, problem sülh danışıqlarında mühüm müzakirə mövzularından biri olaraq qalır. Hazırda Ermənistanın hüquqi sənədlərində Azərbaycanın suverenliyini hədəf alan müddəalar mövcuddur. Xüsusilə, 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi və 1992-ci ildə Ermənistan Ali Sovetinin qərarı Ermənistanın Naxçıvan və Qarabağ ərazilərinə işğalçı, ekspensionist iddialarını dəstəkləyən hüquqi baza kimi təqdim edilir. Məzkur müddəalar Ermənistan cəmiyyətində və hüquq sistemində dərin iz buraxaraq, Azərbaycanın suverenliyinə qarşı uzunmüddətli problemlərə səbəb olub.

 

Nikol Paşinyan bəyan etmişdi ki, bəs "bu müddəaların ləğvi nəzərdən keçirilir". Amma indiyə qədər konkret addımların atılmaması Azərbaycanın haqlı narazılığına səbəb olub. Bakı tam haqlı və ədalətli olaraq hesab edir ki, bu müddəalar yalnız siyasi manipulyasiya aləti kimi istifadə olunaraq bölgədə normallaşma prosesinə mane olur.

 

Ermənistan Konstitusiyasındakı ziddiyyətlər açıq şəkildə beynəlxalq hüquqa ziddir. 1990-cı il Müstəqillik Bəyannaməsi Ermənistanın Qarabağ və ona bitişik əraziləri öz "tarixi torpaqları" kimi təqdim edir. 1992-ci il Ali Sovetin qərarı isə Ermənistanın "Dağlıq Qarabağı özünün bir hissəsi kimi"tanıdığını göstərir. Bu cür müddəalar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və ərazi bütövlüyünə ziddir. Azərbaycan bu müddəaların ləğvini tələb edir və bu addımı sülh müqaviləsinin imzalanması üçün vacib şərt kimi görür. Konstitusiyadan bu müddəaların çıxarılması təkcə siyasi jest deyil, həm də hüquqi normallığın təmin edilməsi baxımından əhəmiyyətlidir.

 

Ermənistanın daxili ictimai-siyasi mühiti bu dəyişikliklərə qarşı ciddi maneələr yaradır. Radikal millətçi dairələr və müxalif siyasi qruplar Paşinyan hökumətini bu məsələdə zəiflikdə ittiham edirlər. Ermənistanın diaspor təşkilatları da bu cür dəyişikliklərə qarşı çıxaraq, hökumətə təzyiq göstərir. Nəticədə, Paşinyan hökuməti daxili müxalifət və beynəlxalq təzyiqlər arasında balans saxlayaraq konkret addımlar atmaqda çətinlik çəkir. Bundan əlavə, Ermənistanın xaricdə dəstəyi, xüsusilə Fransanın açıq siyasi və diplomatik dəstəyi, dəyişikliklərin həyata keçirilməsini daha da çətinləşdirir. Fransa və digər Avropa ölkələrinin dəstəyi ilə Ermənistan bu müddəaları qorumaq üçün bəhanələr tapmağa çalışır.

 

Eyni zamanda, beynəlxalq ictimaiyyət Ermənistanı normallaşma prosesində real addımlar atmağa çağırsa da, bu təzyiqlər kifayət qədər güclü deyil. Azərbaycan beynəlxalq platformalarda Ermənistanın bu məsələdəki qeyri-müəyyənliyini tənqid edir və Konstitusiya dəyişikliklərinin vacibliyini vurğulayır. Bu müddəaların ləğvi yalnız Azərbaycanın narahatlıqlarını aradan qaldırmayacaq, həm də Ermənistanın beynəlxalq hüquqa uyğun hərəkət etdiyini nümayiş etdirəcək. Lakin daxili siyasi təzyiqlər və Ermənistan hökumətinin qeyri-sabit siyasi iradəsi bu prosesi daha da uzadır.

 

Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməməsi sülh danışıqlarının qarşısında ciddi bir maneə olaraq qalır. Azərbaycan bu məsələdə qətiyyətli mövqe nümayiş etdirir və Ermənistan hökumətindən konkret addımlar tələb edir. Əgər Ermənistan bu müddəaları ləğv etməsə, normallaşma prosesi uzunmüddətli qeyri-sabitliklə nəticələnə bilər. Ermənistan hökuməti daxili təzyiqlərə və beynəlxalq çağırışlara baxmayaraq, sülh müqaviləsinin imzalanması üçün hüquqi və siyasi iradə nümayiş etdirməlidir. Əks halda, regionda sabitliyin təmin olunması çətin olacaq.

 

Ermənistan beynəlxalq məhkəmələrdəki iddialardan yalnız sülh sazişi imzalandıqdan sonra imtina edə biləcəyini açıqlayıb. Bununla belə, gələcəkdə yeni hüquqi iddialar qaldırmaq hüququnu qorumaq istəyir. Belə yanaşma hüquqi manipulyasiyalara zəmin yaradır və tərəflər arasında etimadsızlığı daha da dərinləşdirir. Azərbaycan üçün bu məsələ prinsipial əhəmiyyət daşıyır və gələcəkdə oxşar iddiaların qarşısını almaq üçün konkret mexanizmlər tələb olunur.

 

Və Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası (EUMA)... Bölgədəki vəziyyəti süni şəkildə gərginləşdirən və tərəflər arasında etimadı zədələyən bir amil.

 

Rəsmi açıqlamalara görə, sən demə, "missiyanın məqsədi sərhəd zonalarında təhlükəsizliyi təmin etmək və sülhü dəstəkləməkdir". Ancaq missiyanın fəaliyyətləri göstərir ki, onun əsas hədəfi Azərbaycanın hərbi mövqelərini izləmək və Ermənistanın maraqlarına xidmət etməkdir. EUMA "müşahidəçiləri"nin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində yerləşdirilməsi ciddi narahatlıq doğurur. Azərbaycan dəfələrlə bəyan edib ki, üçüncü tərəflərin iştirakı sülh danışıqlarının obyektivliyinə mane olur və etimad mühitini zəiflədir. Lakin Ermənistan hökuməti bu narahatlıqları nəzərə almadan missiyanı öz maraqları naminə istifadə edir.

 

Faktlar göstərir ki, EUMA müşahidə missiyası adı altında Azərbaycan ordusunun mövqelərini, sərhəd məntəqələrini və strateji keçidləri izləyir. Bu fəaliyyətlər açıq şəkildə casusluq və hərbi məlumatların toplanması xarakteri daşıyır. Missiyanın üzvləri arasında keçmiş hərbi kəşfiyyatçılar və strateji analiz üzrə ekspertlər var. Onların sərhəd zonalarındakı hərəkətləri Azərbaycanın hərbi strategiyalarını izləməyə yönəlib. Xüsusilə Zəngəzur dəhlizi yaxınlığında EUMA-nın yerləşməsi Ermənistanın Azərbaycana qarşı strateji planlarını dəstəkləmək məqsədilə məlumat toplamaq cəhdlərinin göstəricisidir.

 

Fransa və digər Avropa ölkələrinin Ermənistana verdiyi açıq siyasi dəstək EUMA missiyasının qərəzsiz olmadığını sübut edir. Avropa rəsmiləri Ermənistanı dəstəklədiklərini dəfələrlə bəyan ediblər və bu, missiyanın yalnız Azərbaycanın mövqeyinə qarşı fəaliyyət göstərdiyini nümayiş etdirir.

 

Nikol Paşinyan bildirib ki, missiyanın sərhəd zonalarından çıxarılması təklif olunub, lakin bu təklif hələ də reallaşmayıb. Bu isə Ermənistanın Aİ missiyasını bölgədə saxlayaraq vəziyyəti gərgin saxlamaq məqsədini üzə çıxarır.

 

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı sübutlar göstərir ki, müşahidəçilər hərbi məlumatları izləmək üçün müasir texnologiyalar, o cümlədən müşahidə dronlarından istifadə edirlər. Ermənistan mətbuatında yayımlanan məlumatlar missiya üzvlərinin Ermənistanın hərbi rəsmiləri ilə qapalı görüşlər keçirdiyini təsdiqləyir. Bu görüşlərdə Azərbaycanın hərbi fəaliyyəti barədə məlumat mübadiləsinin aparıldığı ehtimal edilir.

 

Missiyanın fəaliyyəti bölgədə sabitliyə deyil, yeni qarşıdurmalara səbəb olur. Azərbaycan, haqlı olaraq, EUMA-nın fəaliyyətini bölgədə təhlükəsizliyə təhdid hesab edir. Missiyanın qərəzli yanaşması tərəflər arasında etimad mühitini daha da zəiflədir. Rusiya sərhədçilərinin çıxarılması fonunda Ermənistanın təhlükəsizlik təminatını Avropa İttifaqı ilə bağlamaq cəhdi isə İrəvanın ikili standartlarını göstərir. Avropa missiyası bölgədəki real təhlükəsizlik problemlərinin həllinə deyil, Ermənistanın maraqlarını dəstəkləməyə yönəlib.

 

Nəticə etibarilə, Avropa İttifaqının Ermənistandakı missiyası bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir və Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid yaradır. Beynəlxalq ictimaiyyət bu məsələni obyektiv qiymətləndirməli və regionda sabitliyə real töhfə vermək üçün tərəfsiz yanaşma göstərməlidir. Əks təqdirdə, bu missiyanın fəaliyyəti regionda daha ciddi nəticələrə səbəb ola bilər.

 

EUMA kimi, ATƏT-in Minsk Qrupunu artıq faydasız və zərərdi olduğundan, bu iki "struktur"un fəaliyyəti dayandırılmalıdır.

 

Lakin Ermənistan bu qrupun saxlanılmasında israr edir. Minsk Qrupunun fəaliyyəti illərlə nəticəsiz qaldığı üçün Bakı onun ləğvinin danışıqlar prosesini daha səmərəli edəcəyini düşünür. Bu mövzuda Fransa və digər Qərb ölkələrinin Ermənistana dəstəyi də diqqətdən yayınmır.

 

Ümumiyyətlə, dekabr ayında keçirilməsi planlaşdırılan danışıqlar Cənubi Qafqazın gələcəyini müəyyənləşdirə biləcək kritik mərhələdir. Əgər tərəflər kompromisə nail ola bilsələr, uzun müddətdir gözlənilən sülh müqaviləsi reallığa çevrilə bilər. Lakin bu proses Ermənistanın konkret addımlar atmasından asılıdır.

 

Azərbaycan konstruktiv mövqeyini nümayiş etdirərək göstərib ki, o, real sülhə hazırdır. Ermənistan isə daxili qanunvericiliyində dəyişikliklər, üçüncü tərəflərin təsirinin azaldılması və beynəlxalq manipulyasiyalara yol verməyən mexanizmlər yaratmaqla səmimiyyətini sübut etməlidir.

 

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin uğurlu nəticələnməsi yalnız hər iki tərəfin konstruktiv mövqeyindən asılıdır. COP29 kimi beynəlxalq tədbirlər bu proses üçün həm imkanlar, həm də çətinliklər yaradır. Dekabr ayında keçiriləcək danışıqlar tərəflər üçün tarixi bir şansdır.

 

Şansdan düzgün istifadə etmək yalnız İrəvanın reallığı, beynəlxalq hüququn tələblərini və ədaləti qəbul etməsindən asılıdır.

 

Sülh müqaviləsi balanslaşdırılmış qərarlarla reallaşa bilər.

 

Balans isə İrəvanın nümayiş etdirdiyi primitiv oyunlar deyil. (Bakunetwork)

Seçilən
3
50
senzor.az

10Mənbələr