“Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin İctimai Televiziyasına müsahibəsində Azərbaycanla sülh müqaviləsinin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcəyini deməsi diqqət çəkir. Paşinyanın bu açıqlamasından bir neçə gün əvvəl Ermənistan hökumətində ardıcıl istefaların şahidi olduq”.
“Hesab edirəm ki, Nikol Paşinyanın belə cəhdlər göstərməsi təqdir olunandır. Bu, Ermənistan üçün hazırda ən doğru yoldur. Yəni Ermənistan kimi bədbəxt və zəlil bir ölkə üçün hazırda ən doğru yol Azərbaycanla münasibətləri qaydaya salmaq, sülh sazişi imzalamağa cəhd göstərməkdir. Düzdür, Ermənistanın bu məsələdə nə dərəcədə səmimi olması böyük şübhə doğurur və Paşinyan dəfələrlə belə təqdimat və çıxışlar edib. Lakin biz onun real əməlinin şahidi olmamışıq. Ümid edirəm ki, real əməli olaraq da Paşinyan bu istiqamətdə addım atacaq”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi, "Cross" Media Təhlil Mərkəzinin analitiki Mübariz Göyüşlü deyib.
Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistan da xaotik bir vəziyyət mövcuddur.
“Paşinyan özü də başda olmaqla erməni cəmiyyəti nə etmək istədiklərini dəqiqləşdirməkdə çox böyük çətinlik çəkirlər. Azərbaycanla münasibəti qaydaya qoyaq, yoxsa müharibə edək, yoxsa Türkiyə ilə dost olaq ya düşmən olaq kimi nə istədiklərini özləri də bilmirlər. Bu məsələlərdə erməni cəmiyyəti bir xaos, qeyri-müəyyənlik içərisindədir. Mümkündür ki, bu istefalar da həmin o qeyri-müəyyənliyin nəticəsidir. Bu baxımdan erməni cəmiyyətində hələ bir müddət də bu gərginliyin davam edəcəyini zənn edirəm. Həmçinin onların hazırkı vəziyyətlərində Azərbaycan dövlətinin, onun rəhbəri İlham Əliyevin ardıcıl, məqsədyönlü və Ermənistanı silkələyən siyasətini də xüsusi qeyd etmək istəyirəm”.