AZ

Masallı Sənaye Məhəlləsində istehsal 15 faizə yaxın artıb

Son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində uğurlu işlər görülür. Hazırda ölkəmizdə mövcud sənaye zonalarının sayı 13-ə çatıb, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Masallı Sənaye Məhəlləsi dövlət başçısının 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılıb. Sənaye məhəlləsi 10 hektar ərazini əhatə edir və əsas fəaliyyət istiqaməti mebel, tikinti məhsullarının istehsalı, tütün emalı sahələri üzrədir.

Masallı Sənaye Məhəlləsinin yaradılmasının ən mühüm məqsədi mikro, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Sənaye məhəlləsində sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla, torpaq sahələri və hazır tikililərlə təmin olunurlar.

“Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması, 159 iş yerinin yaradılması nəzərdə tutulur”, - deyən Elçin Kazımov bildirib ki, Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmisinin sözlərinə görə, sənaye məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında 1,9 manatlıq məhsul istehsal edilmişdirsə, cari ilin müvafiq dövründə isə 2,2 manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal 15 faizə yaxın artıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilib.

Seçilən
35
3
yeniazerbaycan.com

10Mənbələr