AZ

Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatlıq məhsul satışı həyata keçirilib

Son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində uğurlu işlər görülür. Hazırda ölkəmizdə mövcud sənaye zonalarının sayı 13-ə çatıb, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Neftçala Sənaye Məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsi 10 hektar ərazini əhatə edir və əsas fəaliyyət istiqaməti kimi balıqçılıq, yem istehsalı, qida sənayesi, avtomobil və s. istehsal sahələri üzrə müəyyənləşdirilib.

Neftçala Sənaye Məhəlləsinin yaradılmasının ən mühüm məqsədi mikro, kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Sənaye məhəlləsində sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla, torpaq sahələri, həmçinin hazır tikililərlə təmin olunurlar.

Neftçala Sənaye Məhəlləsində investisiya kapitalı 60,5 milyon manat olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən görülmüş işlərə 46 milyon manatdan çox investisiya yatırılıb, 290-a yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye məhəlləsinə əlavə olaraq 14,43 milyon manat investisiyanın yatırılması, 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Məhəllədə indiyədək 180 milyon manatlıq məhsul satışı edilib, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən balıq yemi məhsulunun Özbəkistana ixracı həyata keçirilib.

Həmçinin bu ilin 9 ayında sənaye məhəlləsində 30 milyon manata yaxın məhsul istehsal olunub.

Seçilən
21
3
yeniazerbaycan.com

10Mənbələr