Səhiyyə Nazirliyi və həkimlər xəbərdarlıq edir: “COVİD-19-da necə qorunurduqsa...”
Çində insan metapnevmovirusunun yayılması qeydə alınıb. Bu barədə ÇXR-in Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsinə dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən məlumat verilib.
“Tənəffüs nümunələrində müsbət testə səbəb olan əsas törədicilər qrip virusu, insan metapnevmovirusu və rinovirusdur”, - məlumatda qeyd edilib.
Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur və əsasən 14 yaşa qədər uşaqlara təsir göstərir. Çində bu virusa ən çox ölkənin şimal əyalətlərində yaşayan insanlar yoluxub və sürətlə yayılmaqdadır. Həmçinin son bir ayda aparılan təhlillərə əsasən, insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları infeksiyaları ilə xəstələnirlər.
Azərbaycanda bu viruslar nə dərəcədə aktivdir? Yeni bir virusdan danışmaq mümkünmü? Son günlər ölkəmizdə də uşaqlar arasında günlərlə davam edən, yüksək hərarətlə müşahidə olunan xəstəlik müşahidə edilir. Bu həmin virusun əlamətləridirmi?
Qeyd edək ki, Səhiyyə Nazirliyindən qəzetimizə verilən məlumatda məsələyə aydınlıq gətirilib: “Hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur. Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.
Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır.
İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır.
Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən, bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.
Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır".
Nilufər Məmmədova
Həkim-infeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İnsan metapnevmovirusu (hMPV) kəskin respirator virus infeksiyalarına səbəb olan bir virusdur. Əsasən uşaqlar, yaşlılar və immuniteti zəif olan şəxslər arasında rast gəlinir. Klinik olaraq qripə bənzər simptomlar yaradır: qızdırma, öskürək, burun axması, boğaz ağrısı və ağır hallarda bronxiolit, pnevmoniya. Çində 23-29 dekabr tarixlərində tənəffüs yolu nümunələrinin təhlilləri göstərib ki, metapnevmovirus əsas patogenlərdən biridir. Xəstəlik əsasən 14 yaşa qədər uşaqlara təsir edir və şimal əyalətlərində sürətlə yayılmaqdadır. Hazırda dünyada digər dominant viruslar da var: qrip, rinovirus, paraqrip, bokavirus, koronavirus. İnsan metapnevmovirusu Azərbaycanda hələ geniş şəkildə diaqnoz qoyulmur, lakin digər ölkələrdə rast gəlindiyi üçün diqqət edilməlidir. Bizdə tənəffüs yolu xəstəliklərinin əsas törədiciləri: qrip (influenza), SARS-CoV-2, rinovirus və digərləridir. İqlim və mövsüm faktorları virusların aktivliyinə təsir edir. Soyuq aylarda bu cür infeksiyaların sayı artır. İnsan metapnevmovirusu yeni virus deyil, lakin ölkələrdə diaqnostik imkanların genişlənməsi ilə daha çox qeydə alınır.
Hazırda mutasiyaya uğramış yeni variantlar müşahidə olunmasa da, virusun yayılma sürəti və coğrafiyası diqqətlə izlənməlidir. Yeni tənəffüs yolu infeksiyaları, xüsusilə zoonoz mənşəli viruslar (heyvanlardan insanlara keçənlər), hər zaman rast gəlinə bilər və bu, qlobal epidemioloji nəzarət üçün əsasdır. Profilaktik tədbirlər isə bunlardır: Əllərin tez-tez yuyulması və dezinfeksiya. Kütləvi tədbirlərdə maska istifadəsi. İmmuniteti dəstəkləmək üçün sağlam qidalanma və vitamin balansı. Risk qrupları üçün qrip və COVİD-19 peyvəndləri".
İnfeksionist əlavə edib ki, insan metapnevmovirusu və digər respirator virusların yayılmasının qarşısını almaq üçün qlobal səviyyədə nəzarət vacibdir: “Azərbaycanda da bu virusların aktivliyi araşdırılmalı və diaqnostika genişləndirilməlidir. Tibbi maarifləndirmə və profilaktik tədbirlər vasitəsilə infeksiyanın yayılmasını azaltmaq mümkündür”.
Zülfüqar Yusifov
İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov da mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, qoruyucu tədbirləri həmişə həyata keçirməliyik: “Hər zaman təşviq etdiyimiz tövsiyələr və COVİD təcrübəsi yaddan çıxmamalıdır və biz o zaman qorunmaq üçün nələr edirdiksə, yenə də davam etdirməliyik, məsafənin qorunması, immun sistemin aktiv olması, idman hərəkətlərinə istifadə etmək və sairə. Bunlar həmişə aktualdır. Bu, viruslara qarşı dünyada, sadəcə, bir həssaslıq yaradır. Əslində COVİD-19-dan əvvəlki dövrdə də hər zaman bu qrup viruslar yayılır, müxtəlif ştamlar ildən-ilə, bəzən aydan-aya dəyişilir. Davamlı olaraq yenilənir. Çünki bu viruslar həm aparılan müalicələr nəticəsində, həm də endemik şəraitə uyğun olaraq və sairə şərtlər altında mutasiyaya uğrayır. COVİD-9-un baş verməsi pandemiyası insanlığın virusa olan həssaslığını bir qədər artırıb. Dünyanın istənilən bir yerində hər hansı virusun baş qaldırması zamanı burada epidemiya və yaxud pandemiya təhlükəsi görünürsə, diqqətlə yanaşılır. Həm də sıravi vətəndaşlar da yaşanan COVİD tədbirlərinin fəlakətli nəticələrini yaddan çıxarmayaraq, virus məsələlərinə həssas yanaşırlar. Viruslar müxtəlif vaxtlarda, fərqli adlarla olub. Xüsusən viruslar havanın əlverişsiz olduğu şəraitlərdə, soyuqlar başlarkən, payız və qış aylarında həmişə aktivləşib. Biz yaxın illəri yada salsaq, müxtəlif vaxtlarda virusların yayıldığının şahidi olmuşuq. Bunlar keçicidir, qorunma tədbirlərini nəzərə alsaq, təhlükə deyil. Bizim ölkədə də Səhiyyə Nazirliyi tərəfindən mütəmadi xəbərdarlıqlar edilir, maarifləndirici roliklər təqdim olunur, insanlar da artıq qorunurlar. Məsafələrin qorunması və maskaların istifadəsi məsələlərinə diqqət yetiririk. Bunlar yaxşı hallardır. Bu qoruma tədbirlərini mümkün qədər davam etdirmək lazımdır. Orqanizmin yuxu rejiminə riayət edilməsi, müntəzəm olaraq idman hərəkətləri, açıq hava gəzintiləri, bol maye qəbulu, vitaminlərdən istifadə edilməsi, meyvə-tərəvəzlərdən faydalanılması, sağlam həyat tərzinin tətbiq edilməsi, sinir sisteminin çox yorulmasının qarşısını alacaq aktivlik təmin edilməsi vacibdir. Bu prosesləri düzgün yerinə yetirərək, düşündüyümüz virusların təsirini minimuma endirə bilərik.
Çindən digər ölkələrə virusun keçməsi ilə bağlı qeyd etmək istəyirəm. Bu gün hiperhərəkətlilik şəraitində, davamlı və çoxmiqyaslı transferlər fonunda, virusların bir ölkədə qalması mümkün deyil. Yəni müasir nəqliyyat vasitələri, uçuşlar və digər yollarla müəyyən ölkələrdə populyasiyaların yoluxma ehtimalı mövcuddur. Sadəcə, qorunma yolları və bu yoluxmaların miqyasının mümkün qədər az olması vacibdir".
10Mənbələr
-
arqument.azSəhiyyə Nazirliyi metapnevmovirusla bağlı tövsiyə edib ( 14633683)
-
xalqqazeti.azSəhiyyə Nazirliyinin yeni virusla bağlı tövsiyəsi ( 14618763)
-
Reportyor.tvSOS Təhlükəli virus QAPIDA! - 14 yaşadək uşaqlar... ( 14616705)
-
yeniazerbaycan.comBöyüklər də, kiçiklər də yoluxur... ( 14615913)
-
demokrat.azSOS Təhlükəli virus qapıda! — 14 yaşadək uşaqlar... ( 14615911)
-
musavat.comSOS Təhlükəli virus QAPIDA! - 14 yaşadək uşaqlar... ( 14615787)
-
yenigundem.azYeni respirator virusla bağlı rəsmi müraciət: Peyvənd olunun! ( 14614563)
-
oxu24.comSON DƏQİQƏ! Səhiyyə Nazirliyi açıqlama yaydı ( 14607743)
-
index.azNazirlik yeni yayılan virusla bağlı çağırış edib ( 14607281)
-
modern.azYeni yayılan virus koronavirusdan TƏHLÜKƏLİDİR? ( 14607025)