AZ

Səhiyyə Nazirliyinin yeni virusla bağlı tövsiyəsi

Metapnevmovirus -  qripəbənzər respirator xəstəlikdir

Hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiya Federasiyasında müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.   

Bildirilib ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. 

Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.

Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. 

Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. 

Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.

XQ

 

Seçilən
28
49
xalqqazeti.az

10Mənbələr