İnfeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur
2024-cü ilin sonlarında Çində yayılmış insan metapnevmovirusunun (HMPV) Qazaxstan və Rusiyada da aşkarlandığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Kluge isə deyir ki, yoluxmanın miqyası və intensivliyi əvvəlki illə müqayisədə çox aşağıdır.
Kluge həmçinin dezinformasiyanın qarşısını almaq üçün etibarlı mənbələrdən məlumat almağın vacibliyini vurğulayır.
İnsan metapnevmovirusu (HMPV) nədir?
İnsan metapnevmovirusu kifayət qədər yayılmış tənəffüs yoluxucu virusdur və adətən öskürək, qızdırma, burun tutulması kimi yüngül simptomlara səbəb olur. Bununla belə, ağır hallarda infeksiya xüsusilə körpələrdə, yaşlılarda və ya xroniki xəstəlikləri olanlarda pnevmoniyaya səbəb ola bilər. Virus hava damcıları, yaxın təmas və ya çirklənmiş səthlər vasitəsilə ötürülür. Hazırda HMPV-ni müalicə etmək üçün xüsusi antiviral terapiya və ya onun qarşısını almaq üçün bir peyvənd yoxdur.
Azərbaycan Səhiyyə Nazirliyi: metapnevmovirus mövsümi xəstəlikdir
Azərbaycan Səhiyyə Nazirliyi vətəndaşlara metapnevmovirusla bağlı tövsiyə edib.
Nazirliyin məlumatında deyilir ki, hər il Şimal Yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Əlavə olunur ki, metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir.
"Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir”.
Kimlər risk altındadır?
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir ki, bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur.
"Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. Həmçiin immun sistemi zəif və ya yanaşı xəstəlikləri olan (bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri və s.) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır” , – Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Bu xəstəlikdən necə qorunmalı?
Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.
Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.