Son günlər tüğyan edən virus nədir?
Son zamanlar insanlar arasında müxtəlif növ viruslar yayılıb. Hazırda xəstəliyə yoluxan insanlarda hərarətin yüksəlməsi, halsızlıq, boğaz ağrısı, öskürək, burun tutulması, axması əlamətləri müşahidə edilir.
Xəstəlik artıq yerli səhiyyə sisteminə əhəmiyyətli yük yaradıb. Xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər respirator viruslar da yayılır. Patogen ağciyərləri zədələyərək COVID-19 və qripə bənzər simptomlar yaradır.
Metapnevmovirusla bağlı açıqlama
Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qrip (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır.
Qeyd olunub ki, rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, sözügedən xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxstan və Rusiya Federasiyasında müşahidə olunur: “Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir. Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir.
Bu infeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi adətən 7-10 gün ərzində aradan qalxır. İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri olan (məs., bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) insanlarda bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər.
Bunu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır.
Belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur.
Ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyən etmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab olunur.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən elan olunmuş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”.
Uşaqlar arasında virus
Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova bildirib ki, hər il olduğu kimi, bu il də mövsümlə əlaqədar uşaqlar arasında mövsümi virus infeksiyalarının qeydə alınması müşahidə olunur. Bu da tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalardır.
7 günə qədər davam edir...
Onun sözlərinə görə, əsas simptomlar arasında 7 günə qədər davam edən yüksək hərarət, boğaz ağrısı, öskürəkdir: “Virus infeksiyaları hava damcı yolu ilə keçdiyindən ilk növbədə tibbi maskalardan istifadə, gigiyenik qaydalara riayət edilməlidir, insanların kütləvi toplandığı yerlərdən uşaqlar uzaq tutulmalıdır. Evdə xəstə uşaq varsa, digər şəxslərlə ünsiyyət minimuma endirilməlidir. Qızdırma salmaq üçün təbii üsullardan istifadə tövsiyə olunur. Çoxlu maye qəbulu, yüksək kalorili və bol vitaminli qidalar, eyni zamanda meyvə-tərəvəz yeyilməsi vacibdir”.
Əlamətləri bir-birinə bənzəyir
İnfeksionist Vüqar Cavadzadə “Yeni Azərbaycan”a bildirib ki, ölkəmizdə yayılan xəstəliyin metapnevmovirus olduğunu demək çətindir. İnfeksionist qeyd edib ki, bunun üçün mütləq rəsmi qurumlar rəsmi açıqlama verməlidir: “İstənilən infeksion xəstəliyə diaqnoz mütləq olaraq laborator müayinə metodlarına əsaslanmalıdır. Bu metapnevmovirusa da diaqnoz qoymaq üçün mütləq PSR müayinəsini nəticəsi lazımdır.
Metapnevmovirus isə kəskin respirator virus infeksiyasılarıdır. Onların hamısının əlamətləri bir-birinə bənzəyir. Məsələn, qrip, koronovirus, paraqrip və s. Bu, sadəcə infeksiyadır və mövsimi xarakter daşıyır. Ümumi olaraq infeksiyalarda qış-yaz aylarında artım müşahidə edilir. Ola bilsin ki, Çində də bu infeksiyalarda da artım müşahidə edilib. Ümumi deyə bilərəm ki, ölkəmizdə yayılan mövsimi xəstəlikdir. Payız, qış, yaz ayları kəskin respirator virus infeksiyalarının yayılma dövrüdür”.
Təşvişə əsas yoxdur...
İnfeksionistin sözlərinə görə, bu infeksiyalara qış aylarında daha çox rast gəlinir: “Adicə qripin bir neçə streotipi xəstəlik törədə bilər. Rast gəlinənlər qripin müxtəlif streotipləridir. Hesab etmirəm ki, bizim ölkədə bu virus var. Bu, dünya üçün yeni bir virus olmadığından, təşvişə əsas yoxdur. Çünki Çində təzə yayılmağa başlayıb. Əslində bu virus Çində də yeni deyil. Virus 2001-ci ildə Hollandiyada uşaqlar arasında tənəffüs yolu infeskiyalarına yoluxmalar nəticəsində kəşf olunub. Bu, cəmiyyət üçün yeni bir virus deyil. Ümumiyyətlə, metapnevmovirusların quşlar və insanlar arasında müxtəlif növləri var”.
Nə üçün sağalma gec baş verir?
Həkimin sözlərinə görə, son günlər müşahidə olunan simptomların ağır keçməsi, sağalma prosesinin gec olması bir neçə faktora bağlıdır: “Yüksək təsirli yeni virus orqanizmin zəifləməsi, daha çox yayılma, quru öskürəklə müşahidə olunur. Xəstəliyin yüksək təsirli olması da məhz sağalmanın müddətini uzadır. Bu səbəbdən qripə qarşı vaksinasiyanın vacibliyi və xəstəliyə tutulanların müalicə üçün vaxtında həkimə müraciət etməsi önəmlidir”.
Yeganə BAYRAMOVA