AZ

Yalan dolu təbliğat iflasa uğrayacaq

Uzun illər davam etmiş işğal dövründə Ermənistan özünün təcavüzkar siyasətini ört-basdır etmək üçün bütün vasitələrdən, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmaq naminə həqiqətə uyğun olmayan informasiyalardan istifadə edirdi. Özlərini elə aciz, yazıq duruma salırdılar ki, guya bir milyondan artıq azərbaycanlının məcburi köçkün həyatı yaşamasının səbəbkarı bunlar deyil, soyqırımları, qətliamları, dövlət səviyyəsində dəstəklənən terror aktlarını onlar törətməyiblər.

Amma Azərbaycan dövlətinin apardığı sərrast, səbirli və qətiyyətli siyasət nəticəsində işğalçı ölkənin bütün bu səyləri boşa çıxdı. Azərbaycan torpaqlarını işğalçılardan təmizləməklə, ərazi bütövlüyünü və ölkə ərazisində suverenliyini tam təmin etməklə ədalət bərpa olundu. Amma görürük ki, Ermənistan tərəfi, o cümlədən xarici ölkələrdə yaşayan ermənilər yenə də öz ampluasındadır, Azərbaycanın haqq işinə ləkə atmağa çalışırlar.

Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən keçmiş Qarabağ münaqişəsinin tarixini, bu torpaqların əsl sakinlərinin kim olduğunu, Ermənistanın işğal siyasətinin mahiyyətini və onun acı nəticələrini, həmçinin yeni reallıqları qonaqların diqqətinə çatdırdı. Dövlətimizin başçısı sübut etdi ki, Azərbaycan bölgəni Ermənistanın düçar etdiyi bataqlıqdan xilas edib, bu missiya bütövlükdə regionun inkişafına, sülhə və təhlükəsizliyə geniş yol açıb. Cənab İlham Əliyev həmçinin ATƏT-in himayəsi altında aparılan uzunmüddətli danışıqların uğursuzluğunu, BMT-nin öz qətnamələrini icra edə bilməməsini qeyd edərək beynəlxalq təşkilatların fəaliyyətində olan boşluqları göstərdi. Yeri gəlmişkən, qeyd edim ki, bu gün qərəzli mövqe tutan, real vəziyyəti düzgün qiymətləndirməyən, ermənilərin yalan dolu hay-küyünə uyan dövlətlər danışıqlar prosesinə cəlb olunmuşdu. Lakin nəticədə gördük ki, əllərindən bir iş gəlmir, mənasız bəyanatlar verməklə məşğuldurlar. Məsələyə ikili standartlarla yanaşdılar, işğalçını öz adı ilə çağırmadılar. Bugünkü reallığı isə heç cür həzm edə bilmirlər. İndi sual çıxır ortaya: əgər neytral idinizsə, mövqeyiniz ədalətli idisə, niyə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən bu qədər narahatsınız?".

Müstəmləkəçi Fransa Afrikada qana batmış əlini hələ yuyub qurtarmamış humanizmdən danışır, ölkəmizin ünvanına könül bulandıran fikirlər səsləndirir. Elə hesab edir ki, beynəlxalq proseslərə təsir imkanı var, böyük dövlətdir, Cənubi Qafqaza da əli çatar. Rəsmi Parisin bu davranışları onun dünya siyasətində qərəzli mahiyyətini, yersiz hərəkətlərini göstərir. Sübut edir ki, Fransanın hərəkətləri bölgədə yarana biləcək sabitliyə təhdiddir, sülh proseslərinə mane olur.

Həm Ermənistan, həm də onun havadarları bilsinlər ki, Azərbaycan güclü dövlətdir, ona təsir etmək, təzyiqlər göstərmək mümkün deyil. Eləcə də anlasınlar ki, Azərbaycanın istəyi münasibətlərin normallaşması və sülhə nail olmaqdır. Odur ki, qarşı tərəf də real addımlar atmalı və dərk etməlidir ki, başqa alternativləri qalmayıb.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.

Seçilən
749
7
respublika-news.az

10Mənbələr