AZ

Prezident İlham Əliyev söz ilə əməlin vəhdətini yaratmış Liderdir!

Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. İnkaredilməz reallıqdır ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlər qazanaraq möhtəşəm zirvələr fəth edir.

20 il əvvəl bu gün - 2023-cü ilin oktyabrın 15-də Azərbaycan xalqının Heydər Əliyev siyasətinə bir daha öz qətiyyətli inamını ifadə edərək cənab İlham Əliyevə etimad göstərməsi dövlətçilik tariximizin dönüş nöqtələrimizdən oldu.

Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstək verməsi, dövlət başçısının isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.

Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütovlüyümüzün və suverenliyin tam təmin olunması çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıran, uğurlu diplomatik fəaliyyət həyata keçirən Azərbaycanın münaqişənin həllinə nail olması müstəsna tarixi hadisədir. Azərbaycan öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq olub. Ölkəmiz işğalçı Ermənistanın təcavüzkar siyasətini müdafiə edən, ikili standartlara əsaslanan ədalətsiz mövqe sərgiləyən dairələrə ədalət dərsi verib. Azərbaycan öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaradıb.

Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, xalqımızın çoxillik arzusu gerçəkliyə, dövlətin strateji hədəfi reallığa çevrilir - Böyük Qayıdış prosesi uğurla həyata keçirilir.

Digər tərəfdən, şərtləri diktə edən qalib Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşıb. Bu, həm Azərbaycan, həm də regionda bütün xalqlar və dövlətlər üçün mühüm siyasi-iqtisadi üstünlüklər vəd edir.

Beləliklə, tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Xalqımız hər bir azərbaycanlının Prezidenti olan, milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyəti nəticəsində söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlət başçısı İlham Əliyevə tam güvənir, onun müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə zamanında qəbul etdiyi qərarların uğurlu icrası sayəsində ölkəmizin inkişafının davam edəcəyinə, xalqımızın firavanlığının və yüksək rifahının daimi olacağına inanır. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq. Dövlət başçısının vurğuladığı kimi: "Biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

Siyavuş Novruzov,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Seçilən
992
3
ikisahil.az

10Mənbələr