Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar 3 noyabrda Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) toplantısında müşahidəçi statusunda iştirak etməli idi. Bununla bağlı aylar öncə razılıq da əldə edilmişdi. Ancaq Ersin Tatar Astanadakı Zirvə toplantısında yox idi.
Senzor.az bildirir ki, bunları politoloq Elxan Şahinoğlu deyib.
Bu məqama diqqət çəkən E. Şahinoğlu xatırladıb ki, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Astanadakı çıxışında ŞKTR-in Türk Dövlətləri Təşkilatına müşahidəçi və tamhüquqlu üzvlüyünün vacibliyi barədə fikrini təkrarladı: “Azərbaycan Prezidenti İlham Əliyev də Kuzey Kıbrısın Türk Dövlətləri Təşkilatına qatılmasının tərəfdarı olduğunu bildirib. Görünür, Mərkəzi Asiya ölkələri qərar verməyə tələsmirlər”.
Kuzey Kıprısın türk birliyindən kənarda qalmasını doğru saymayan politoloq gələn il baş tutacaq görüşdə bu məsələnin həll olunacağına inamını ifadə edib.
Yeri gəlmişkən, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən ay Bakıda olarkən AZƏRTAC-a verdiyi müsahibəsində Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olmaları ilə bağlı danışarkən demişdi: “Bir il öncə Səmərqənddə 9-cu dövlət başçıları səviyyəsindəki görüşdə müşahidəçi üzv kimi yekdilliklə quruma qəbul edildik. Burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük rolu vardı. Bu, tarixi hadisə idi. Şimali Kipr bir türk dövləti olaraq oradadır...”.