AZ

Şimali Kipr Türk Dövlətləri Birliyində daha bir mövqe qazandı...

Image

Elçin Cəfərov: “Şimali Kiprin dərnəyə qoşulması olduqca əhəmiyyətlidir”

Məlum olduğu kimi, Istanbulda Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə bağlı ilk toplantı keçirilib.

Türkiyə Atletika Federasiyasının yaydığı məlumatda qeyd edilir ki, iclasda Türkiyədən başqa Azərbaycan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) müşahidəçi qismində iştirak edib.

2024-cü ildə keçiriləcək ikinci toplantıya qatılacaq digər türk dövlətləri ilə birlikdə Türk Dövlətləri Atletizm Dərnəyinin yaradılması tamamlanacaq.

Qeyd edək ki, Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə atletika ruhuna uyğun olaraq Türkiyə Dövlətləri Atletika Çempionatının təşkili, Türk dövlətlərində gənclərin sağlam və fiziki hazırlığının yaxşılaşdırılması, idman və mədəni fəaliyyətlərin təşviqi, ölkələr arasında əlaqələrin, eləcə də, qarşılıqlı anlaşmanın yaxşılaşdırılması, Türk dövlətləri arasında fikir mübadiləsi aparmaq, həmçinin, bölgədə idmanla əlaqədar təhsili təmin etmək, paylaşma səviyyəsini yüksəltmək hədəflənir.

“İdman sayəsində türk xalqlarının həmrəy olması gələcəkdə Türk olimpiadasının keçirilməsini tezləşdirə bilər”

"Azərbaycan" qəzetinin əməkdaşı, CBC Sport kanalının şərhçisi Elçin Cəfərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Türk Dövlətləri Atletika Dərnəyinin yaradılması ilə türk dövlətləri arasında idman əlaqələri daha da inkişaf edəcək. Bu, həmin idman növünün geniş yayılması, təşviq olunması deməkdir: “Ölkələrimizdə müxtəlif idman növləri üzrə yeni turnirlər keçirilə bilər. Bu dərnək türk xalqları arasında əməkdaşlığın inkişaf etməsinə səbəb olacaq.  Bütün sferalarda birlik olan türk dövlətlərinin idman sahəsində də birliyə ehtiyacı var idi”.

Həmsöhbətimiz hesab edir ki, dərnəyin yaradılması türkdilli dövlətlərdə uşaq və yeniyetmələr arasında atletizmin populyarlaşmasına şərait yaradacaq. Sağlam nəslin yetişməsinə bu qurum böyük töhfə verəcək: “Onu da deyim ki, Şimali Kiprin də dərnəyə qoşulması olduqca əhəmiyyətlidir.  Bu o deməkdir ki, hətta tanınmayan dövlətlərin də türk birliyinə inteqrasiyası sürətlənə bilər”.

E.Cəfərov onu da əlavə etdi ki, Türkiyə Futbol Federasiyasının belə bir qərarı var ki, Türkiyə çempionatlarında hər bir komandanın heyətində türkdilli dövlətlərdən bir futbolçunun yerli statusda oynamasına icazə verilir. O futbolçu legioner sayılmır: “Ümid edirik ki, Atletika Federasiyası da müxtəlif federasiyalarla belə birlik yaratmaqla türkdilli dövlətlərə töhfə vermis olar.

Ümumiyyətlə, idman sahəsində türk xalqlarının həmrəy olması gələcəkdə Türk olimpiadaslnın keçirilməsini tezləşdirə bilər”.

Günel CƏLİLOVA





Seçilən
616
50
baki-xeber.com

10Mənbələr