Yayımlandı: 16 Sentyabr 2024 11:56 “Bakının üzərinə məsuliyyət düşür, beynəlxalq tədbirə qədər o səmimi şəkildə sülh istədiyini göstərməlidir” Fransa Bakıda keçiriləcək COP29-a qədər sülh danışıqları prosesində Azərbaycandan irəliləyiş gözləyir. Bu barədə Fransanın xarici işlər naziri Stefan Sejournet sentyabrın 16-da Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib. “Fransa iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməklə ədalətli və sabit dünya quracaq sazişin tezliklə imzalanmasının tərəfdarıdır. Bu, 1991-ci ildə Almatıda imzalanmış sənədin mahiyyətidir. Praqada da eyni fikir səslənib”, – deyə fransalı nazir əlavə edib. Stefan Sejournetin fikrincə, Fransa da eyni prinsiplər əsasında dövlətlər arasında sərhədlərin delimitasiyası prosesini təşviq edir. XİN rəhbəri qeyd edib ki, Paris Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməli olduğuna inanır. “Ermənistan və beynəlxalq ictimaiyyət sülh istəyir, Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək, Bakının üzərinə məsuliyyət düşür, yəni beynəlxalq tədbirə qədər o səmimi şəkildə sülh istədiyini göstərməlidir. Biz də bu prosesin irəliləməsinə nail olmalıyıq”, – Stefan Sejournet belə deyib. Azərbaycanın Xarici İşlər Nazirliyi fransalı nazirin söylədiklərinə hələ reaksiya verməyib. Sentyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan və Azərbaycanın sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var: “16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”. Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın yarandığını söyləmişdi. Amma Ceyhun Bayramov hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəlin məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu əlavə edib. Bayramov qeyd edib ki, rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır: “Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”. Münaqişənin tarixçəsi 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib. Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. 2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV