RU

Günəş artıq ən ucuz enerji mənbəyidir - İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Ötən həftə Bakı iqlim dəyişiklikləri ilə bağlı böyük bir tədbirə ev sahibliyi etmişdi. Bu həftə də ondan geri qalmayan eyniməzmunlu, amma daha masştablı bir hadisənin şahidi olduq. 

Tərəflərin İlkin Konfransı

Bakıda 10-11okryabr tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı keçirilib. Yəni COP 29-a nələrlə getdiyimizi artıq rəsmən açıqladıq, tərəfdaşlarımızla bölüşdük və nə nəticələrə nail olacağımız düz bir aydan sonra bəlli olmağa başlayacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda neft hasilatı yenidən artacaq? – İlham Şabanın ŞƏRHİ  


Onu qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev İlkin Konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciətin mətnini COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tədbir iştirakçılarının nəzərinə çatdırıb. 

Müraciətdə diqqətimi cənab İlham Əliyevin “Azərbaycanın daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi” fikri çəkdi.

Prezidentin fikrincə, Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. Dövlət başçısı qeyd edib ki, “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.

“Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, ənənəvi enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur”, deyə İlham Əliyevin müraciətində vurğulanır. 

Daha sonra dövlət başçımız tədbir iştirakçılarının diqqətini ona yönəldir ki, qlobal istixana qazı emissiyalarında payında Azərbaycanın xüsusi çəkisi cəmi 0,1% təşkil edir və Azərbaycan daha kiçik emissiya payına sahib ölkə olmasına baxmayaraq, qlobal müstəvidə iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verəcək ölkə kimi bir nümunə göstərir”.

COP29-dan gözləntilər

Prezidentin müraciətində həmçinin rəsmi Bakının “COP29 beynəlxaq tədbirindən bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm” arzusu da yer alıb. 

Azərbaycanın dövlət başçısının fikirlərini inkişaf etdirərək COP29-un prezidenti Muxtar Babayev bəyan edib ki, Bakıda noyabrın 11-də öz işinə başlayacaq COP29 həm Paris sazişi, həm də dünya ölkələrinin çoxtərəfli əməkdaşlıq platformasında çalışması üçün həlledici sınaq olacaq. Onun sözlərinə görə, Azərbaycan COP29-un inklüziv, şəffaf və qərəzsiz keçirilməsinə sadiqdir. Babayev Azərbaycanın COP29-un ev sahibi seçildiyi vaxtdan bəri çoxsaylı görüşlər təşkil etdiyini və indiki məqamda sözlərdən hərəkətə keçməyin vacibliyini vurğulayıb.

Nazir həmçinin bildirib ki, "biz çalışacağıq ki, fəaliyyətimiz iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırsın. COP29 bizə iqlim dəyişikliyi sahəsində qlobal əməkdaşlığı dərinləşdirməyə imkan yaradacaq".

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil isə Tərəflərin İlkin Konfransının açılışında bəyan edib ki, maliyyə məsələlərinin həlli qlobal iqlim gündəliyində olan ən vacib mövzulardan biridir. Onun sözlərinə görə, COP29 konkret nəticələrə nail olmağa kömək edən stimullaşdırıcı konfrans olmalıdır.

"Bu, ötən il Birləşmiş Ərəb Əmirliklərində tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirməyə və real iqtisadiyyata fayda verməyə kömək etməlidir. Aydındır ki, maliyyə bu il konkret nəticələrə nail olmaqda əsas rol oynayan məsələ kimi qarşıya çıxacaq", deyə icraçı katib bildirib. 


Konfransda həmçinin bildirilib ki, COP28-dən sonrakı ilk altı ay ərzində ekstremal hava şəraiti nəticəsində dövlətlərə vurulan ziyanın həcmi 41 milyard dollara çatıb. Və biz qasırğaların, tufanların və meşə yanğınlarının aktivliyini müşahidə edirik. Bundan hazırda ayrı-ayrı dövlətlər əziyyət çəkir. Amma məsələnin həlli üçün ciddi addımlar atılmadığı təqdirdə həmin əzab-əziyyəti bir neçə onillik sonra hamılıqla çəkmək məcburiyyətində qalacağıq. 

Yəni bu deyilənlərdən belə nəticə çıxara bilərik ki, beynəlxalq ictimaiyyət birləşməli və iqlim fəaliyyətlərini əlaqələndirmiş şəkildə həyata keçirməlidir. 

SOCAR enerji keçidi yolunda

Azərbaycan atdığı əməli addımlarla səsləndirdiyi fikirlərə sadiq olduğunu göstərən ölkədir. Elə bu həftə Azərbaycan Dövlət Neft Şirkəti Yaponiyanın tanınmış bir şirkəti ilə enerji keçidi üzrə əməkdaşlığı müzakirə edərkən də bunu nümayiş etdirib.

SOCAR Yaponiya şirkəti ilə enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlığa açıq olduğunu bəyan edib. Əməkdaşlıq üzrə müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation” şirkətinin vitse-prezidenti Seita Hagihara ilə görüşündə aparılıb.

Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Məsələ burasındadır ki, atmosferə atılan karbon emissiyasının azaldılmasında rəqəmsallaşdırmanın böyük əhəmiyyəti var, çünki bu, istehsal proseslərinin avtomatlaşdırılması, qurğularda sızlamaların qarşının alınması prosesinin daha da təkmilləşdirilməsi və yeni nəsil nəzarət-ölçü cihazları ilə prosesləri daha dəqiq izləməyə imkanlar yaradır. Onların tətbiq edən şirkətlər dekarbonizasiya məsələlərində kifayət qədər irəliləmək imkanı əldə edirlər. 

Tullantıların azalması proqnozları Bu həftə açıqlanan “DetNorske Veritas” (DNV) konsaltinq şirkətinin hesabatı atmosferin çirkləndirilməsi ilə bağlı bir sıra maraqlı məqamlara işıq salıb. Özü də birbaşa günəş enerjisinə aidiyyətı var. Belə ki, şirkətin mütəxəssislərinin hesablamalarına görə, qlobal enerji sektorunun ümumi karbon dioksid (CO2) emissiyalarında xüsusi çəkisi 2024-cü ildə özünün pik səviyyəsinə yüksələcək və sonrakı illər azalmağa başlayacaq. 

Qeyd edim ki, BP gələn onilliyin ortalarında enerji sektorunda CO2 emissiyalarının pik həddə çatacağını proqnozlaşdırır, “Shell” şirkəti isə karbon tullantıların ən yüksək səviyyəsinin 2030-cu ildə baş verəcəyini gözləyir.

Ucuzlaşan günəş enerjisi

DNV belə qənaətə ona görə gəlib ki, dünya masştabında günəş panellərinin sayı sürətli artım nümayiş etdirir. Ötən il yeni günəş elektrik stansiyalarının gücü 400 GVt-a çatıb, günəş panellərinin istehsalındakı 80%-lik artım isə onların istehsal və satış qiymətlərini ucuzlaşmasına gətirib çıxarıb. Bunun nəticəsində bir sıra regionlarda günəşdən alınan elektrikin dəyəri nəinki qazdan, hətta kömürdən də ucuz olub.
 

Günəş enerjisi istehsalı obyektləri üçün akkumulyatorların qiymətləri də üzü aşağı getməyə başlayıb. DNV ekspertləri belə hesab edirlər ki, istehsal zəncirindəki bu pozitiv hal onu deməyə əsas verir ki, bir müddət sonra günəş enerjisi daha dayanıqlı fazaya qədəm qoya biləcək. Yəni günəş enerjisi ilə istehlakçıların təminatı təkcə gündüz deyil, gecə də mümkün olacaq. 


Nəticədə atmosferi daha çox çirkləndirən və elektrikin alınmasında xüsusi çəkisi yetərincə olan kömür və mazut istilik elektrik stansiyaları dünya miqyasında xeyli azalacaq, aralıq təmiz enerji sayılan “mavi yanacaqla” işləyən stansiyaların sayı yüksələcək. DNV həmçinin diqqəti ona da çəkir ki, dünyanın ən böyük kömür istehlakçısı olan Çin keçən ilin yekunlarına görə, dünyadakı günəş panellərinin 58%-ni istehsal etməyə və dünyadakı yeni elektrik avtomobillərin alışlarının 63%-nə sahib çıxa bilib. 

Azərbaycanın seçimi

Bu baxımdan hökumətin Azərbaycanda yaxın bir neçə ildə günəş elektrik stansiyalarının tikintisinə önəm verməsi həqiqətən təqdirəlayiq məsələdir. Çünki 2023-cü ildə Qaradağda 262 milyon dollara tikdiyimiz günəş elektrik stansiyası artıq 2026-2027-ci illərdə tikəcəyimiz analoji gücdə olan stansiyalardan daha ucuz başa gələcək. Təbii ki, belə hal özəl şirkətlər üçün yeni stimul yaradacaq ki, onlar enerjinin bu sektoruna daha çox yatırım etsinlər.

Dövlət isə istehsal edilən enerjinin istehlakçılara çatdırılması, paylanması və davamlı olması üçün kommersiya zəncirini daha da təkmilləşdirməli, alternativ enerji mənbələrindən alınan enerjinin ümumi enerji balansındakı xüsusi çəkisinin davamlı artımı üçün elektrik enerjisi sektorunun tezliklə bazar relsləri üzərinə keçidini təmin etməli, istehsalçılar və enerjinin satışını həyata keçirən şirkətlər arasında rəqabətədavamlı mühitin formalaşdırılmasına şərait yaratmalıdır. 

“Yaşıl enerji” ətrafında gördüyünüz kimi kifayət qədər ürək açan xəbərlər həm Azərbaycanda, həm də qlobal məkanda artıq yetərincədir. Amma neftimizin qüruba doğru istiqamət götürdüyü zaman Azərbaycanın neft gəlirlərindən asılılığı hələ kifayət qədər hiss ediləndir. Ona görə də bizim üçün qlobal neft bazarlarındakı “qara qızılın” qiyməti daim maraq doğuran mövzulardandır. 

Neftə dair proqnoz

Bu həftə ABŞ Energetika Nazirliyi Enerji Administrasiyası 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,4% azaldaraq, bir barel üçün 80 dollar 89 sentə endirib. ABŞ gələn il üzrə proqnozlarda tələbin azalması səbəbindən neftin qiymətinin 78 dollara qədər ucuzlaşmasını mümkün hesab edir.

Onu deyim ki, bu proqnoz bizi qane edəndir. Çünki gələn il üçün Azərbaycanın dövlət büdcəsi tərtib edilərkən hökumət gəlirləri neftin orta ixrac qiymətini hər barel üçün 70 dollar göstəricisində proqnozlaşdırıb. Cari il üçün isə dürüstləşdirilmiş büdcə gəlirləri neftin 75 dollar qiyməti üzrə hesablanıb. Bununla belə hesab edirəm ki, resurslardan kənar iqtisadiyyatımızın qazancını artırmaq üçün 2025-ci ildə hökumət də, cəmiyyət də daha əzmkarlıqla səy göstərməlidir. 

Qazımızın Ukrayna yolu

Yola saldığımız həftə Azərbaycan qazının səs-sorağı yenidən həm Rusiya, həm də Avropadan gəlməyə başladı. Buna səbəb Rusiya baş nazirinin müavini Aleksandr Novakın açıqlaması olub.

O, bildirib ki, Rusiya-Ukrayna tranzit sazişinə bu ilin sonunda xitam verildikdən sonra Ukrayna qaz nəqli sisteminin fəaliyyətinin davam etdirilməsi üçün Azərbaycan və Türkiyə ilə Moskvanın iştirakı ilə Avropaya qazın svop, yəni dəyiş-düyüş edilməklə tədarükü ilə bağlı danışıqlar davam etmir.
 

“Bu məsələ müzakirə olunmur... Birincisi, bizə belə təkliflər edilməyib, ikincisi isə, bunun üçün qaz nəqli infrastrukturunun yaradıldığını da düşünmürəm”, - deyə Novak məsələnin nə yerdə olduğunu izah edib.


Əslində bunun Azərbaycana hansısa bir aidiyyəti yoxdur. Çünki Azərbaycan Avropa bazarlarına stabil qaz ixracını həyata keçirmək üçün hazırda təkcə TAP kəmərindən istifadə etmir. Cari ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və BOTAŞ şirkətləri arasında əldə edilmiş razılaşmaya görə, Azərbaycan Avropaya qazı həm də Türkiyə-Bolqarıstan arasındakı kəmərlə ötürür. 

Necə deyərlər, rəsmi Bakı öz işini yaxşı bilir və qaz satdığı bazarlardakı vəziyyəti də daim nəzarətdə saxlayır ki, hansısa ştatdankənar vəziyyətin yarandığı təqdirdə onu stabil rejimə yönəldə bilsin.  

Bizim.Media

Избранный
116
50
bizim.media

10Источники