İsrail Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır...
Poliqon xəbər verir ki, bu barədə İsrailin “The Times of Israel” nəşri hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələri qeyd ediblər ki, bu ehtimal Yaxın Şərqdə İranın proxy qruplarının zəifləməsi və Suriyada Bəşər Əsəd rejiminin süqutu fonunda nəzərdən keçirilir.
Qəzetin yazdığına görə, İsrail Müdafiə Qüvvələri (İDF) hesab edir ki, Suriya rejiminin süqutundan və onun əsas marionet qruplaşması “Hizbullah”ın Livanda nüfuzunu itirməsindən sonra təcrid olunmuş İran nüvə proqramının həyata keçirilməsini sürətləndirə bilər.
“The Times of Israel” qeyd edir ki, itirilmiş çəkindirici qüvvələri kompensasiya etmək üçün Tehran çox güman ki, nüvə silahı istehsalını davam etdirəcək və belə bir ssenaridə İsrail rəhbərliyi İran hədəflərinə qabaqlayıcı zərbələr endirmək qərarına gələ bilər.
Bu arada, dekabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın zənginləşdirilmiş uranın istehsal sürətini kəskin şəkildə artırdığını bildirib. MAQATE-nin hesablamalarına görə, İran uranı daha da saflaşdırarsa, dörd nüvə başlığı yarada biləcək.
Poliqon.info